Londonun İmperial kollecinin alimləri qanda yüksək şəkər miqdarının ikinci tip şəkərli diabetdən əziyyət çəkməyən insanlarda belə demensiya (ağlın zəifləməsi) riski yaratdığını ortaya çıxarıb.
Elmi işin nəticələri “Science Alert” jurnalında dərc olunub.
Elmi iş 2002-ci ildə başlamış uzunmüddətli “English Longitudinal Study of Ageing” tədqiqatı əsasında aparılıb. Alimlər təxminən 10 il ərzində 50-dən çox yaşı olan 5189 nəfərin səhhətinin monitorinqini aparıb. İştirakçıların yarısı kişi, yarısı qadın olub. Müşahidələrdə iştirakçıların koqnitiv (zehni) bacarıq səviyyəsi, qanın tərkibində olan HbA1c – qlikat hemoqlobin (onun əsasında şəkərin qandakı uzunmüddətli konsentrasiyasını müəyyən etmək mümkün olur) miqdarı qiymətləndirilib.
Bütün iştirakçılarda qocalma ilə əlaqədar koqnitiv bacarıqların zəifləməsi müşahidə olunsa da, tədqiqatçılar yüksək HbA1 miqdarının zehni inkişaf səviyyəsinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqəli olduğunu müəyyən edib. Bu, özünü yaddaşın hərəkətləri planlaşdırmağa və seçməyə imkan verən, insanın hansı stimullara reaksiya göstərməsini müəyyənləşdirən icra funksiyalarının pisləşməsində büruzə verib.
İkinci tip diabet (insulindən asılı olmayan) Alzheymer xəstəliyi riski yaratdığı artıq tədqiqatçılara məlum olsa da, neyrodegenerativ xəstəliklərin birbaşa olaraq qandakı şəkər miqdarı ilə əlaqəli olduğu ilk dəfə olaraq elmi cəhətdən isbatını tapıb. Koqnitiv bacarıqların pisləşməsi diabetdən əziyyət çəkməyən, ancaq qanında yüksək HbA1c miqdarı olan iştirakçılarda müşahidə olunub (42-47 millimmol mol). Bu, diabet öncəsi vəziyyət üçün xarakterikdir.
İkinci tip şəkərli diabet metabolik xəstəlik sayılır. Daha çox artıq çəkidən əziyyət çəkən insanlarda formalaşır, həmçinin insanlarda diabetə genetik təmayülün olduğuna dair elmi sübutlar var. Ən geniş yayılmış müalicə metodlarından biri aşağı şəkər miqdarlı dietadır.
Orqanik.az