Soyuqlar düşəndə insanları düşündürən suallardan biri bu olur. “Qışda nə yeyəcəm?”
Bu sual ona görə hamını maraqlandırır ki, yayda bol vitaminli və minerallı məhsulları qışda tapmaq olmur. Burada söhbət təbii yetişən, yəni öz fəslində yeyilən məhsullardan gedir. Foodinfo.az xəbər verir ki, qışda qida çeşidinin azalması bədəndə vitamin azlığına səbəb olur. Buna baxmayaraq, bu fəsildə fiziki aktivlik də aşağı düşdüyü üçün bol vitaminli qida qəbul edilməsə belə, artıq çəki problemi yaranır. Bəs qışda nəyi yemək olar? Hansı qidalardan uzaq durmaq lazımdır?
Foodinfo.az bildirir ki, professor Adil Qeybullanın dediyinə görə, qış fəslində istifadə edilən qidalar vitaminləri az olan məhsullardır və bunları təmin etmək üçün müəyyən komponentləri qəbul etmək lazım gəlir. Ekspertin sözlərinə görə, bədən qışdan nisbi vitamin çatışmazlığı ilə çıxır və yazda bunu meyvə-tərəvəzin hesabına ödəyir: “İndi parnik və digər süni vasitələrlə meyvə-tərəvəz il boyu yetişdirilir və onlardan istifadə edilir. Amma təbiət elə qurulub ki, hər fəslin öz meyvəsi və digər məhsulları var. Onlar öz yetişdiyi vaxtında yeyilməlidir. Hələ mən Geni Modifikasiya Olunmuş (GMO) məhsulları demirəm. Onlar ayrı bir problemdir. Azərbaycana çox geniş çeşiddə GMO məhsullar daxil olur. Bu qidaları elə bil eyni qəlibdən çıxarıblar. Təəssüflər olsun ki, GMO-lar bu gün bizim qida rasionumuzun əsasını təşkil edir. Bunlardan mümkün qədər uzaq olmaq lazımdır. Xüsuilə uşaqlar və hamilə qadınlar daha diqqətli olmalıdır”.
A.Qeydulla sözlərinə əlavə edib ki, qışda mümkün qədər çox qidalanmadan çəkinmək lazımdır: “Çünki az hərəkət edirik, əvəzində çox qida qəbul etdiyimiz üçün daxil olan kalori ilə xaric olan kalori arasında balans pozulur. Bu balans pozulduqda isə kalori bədəndə depolanır, nəticədə piylənməyə və artıq çəkinin yaranmasına səbəb olur. Qış fəslində gündə 4 dəfə, amma az-az yemək məsləhət görülür. Bu, həzm prosesinin yaxşı işləməsinə də faydalıdır. Ümumiyyətlə qışda tərkibində proteinli qidalara üstünlük verilməlidir. Çox yağlı yeməklər məsləhət görülmür”.
Miqdarını keçməmək şərti ilə ət, süd və yumurtanın qışda bədənimizin ehtiyac duyduğu proteini təmin etdiyini bildirən professor deyib ki, səhər yeməyində az miqdarda kərə yağı da istifadə edilə bilər. Amma uzun müddət eynni qidanı qəbul etmək də doğru deyil. Bacardıqca fərqli məhsullara müraciət edilsin. Qışda bir çoxlarının sevimli yeməyi olan xəmir xörəklərindən də danışan Adil Qeybulla, hər kəsi diqqətli olmağa çağırıb: “Belə yeməkləri axşamlar yemək olmaz. Artıq çəkiyə səbəb olur. Xəmir yeməkləri fiziki iş görənlər üçün daha məsləhətlidir”.
Orqanik.az