Qida zəhərlənməsi gündəlik həyatımızın aktual məsələlərindən biridir. Qida zəhərlənməsi bakteriya, virus və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya düşməsi nəticəsində yaranan haldır və ona ən çox yay aylarında təsadüf edilir.
AZƏRTAC xəbər verir ki, həkim-infeksionist Natiq Əliyevin dediyinə görə, qida zəhərlənməsi insanlarda qarın ağrıları, ürəkbulanma, qusma, ishal, qızdırmayla müşahidə olunur. Zəhərlənmənin növünə görə üşütmə, əzələ ağrıları və halsızlıq ola bilər.
Həkim-infeksionist qeyd edib ki, qida zəhərlənməsi uşaqlar və yaşlılarda daha çox fəsadlar yaradır: “Mövsümlə əlaqədar olaraq qida toksik infeksiyaları tez-tez baş verir. Bunun əsas səbəblərindən biri ilk növbədə qidaların gigiyenik qaydalara əməl edilmədən saxlanılması və trans-yağlardan daha çox istifadə edilməsi, kustar üsulla hazırlanmasıdır və bütün bunlar toksik infeksiyaların yaranmasına zəmin yaradır. Ona görə də qidaların saxlanılma şəraitindən tutmuş daşınma şəraitinə qədər qaydalara əməl olunmalıdır”.
Onun dediyinə görə, qida zəhərlənməsi ilə üzləşməmək üçün bir çox məsləhətlərə əməl etmək lazımdır: “Hansısa qidanın qəbulundan sonra zəhərlənmə əmələ gətirə biləcəyindən şübhələnəndə ilk növbədə çoxlu maye qəbul olunmalıdır ki, orqanizmdən toksinləri qovub çıxarsın. Klinik şikayətlər yaranarsa, dərhal həkimə müraciət edilməlidir”.
Qida zəhərlənməsindən qorunmaq üçün rəngi və qoxusu dəyişmiş qidalardan istifadə etməmək, qidaların son istifadə tarixinə fikir vermək, alınan tərəvəz və meyvələr yaxşı yuyulmalı, lazım gələrsə, sirkəli suya qoyulmalı və yenidən yuyulmalıdır, mövsümə uyğun qidalardan istifadə olunmalı, keyfiyyətinə əminlik olmayan məkanlardan qida alınmamalıdır.
Orqanik.az