Qeyri-düzgün qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır

Uşaqlıq dövrü insan orqanizminin sonrakı fiziki, əqli inkişafında xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan Trend-ə verilən məlumata görə, uşaq orqanizminin hərtərəfli inkişafı və sağlamlığı üçün düzgün və səmərəli qidalanma ən vacib şərtlərdən biridir. Qeyri-düzgün və nizamsız qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır, eləcə də çəki problemləri ilə qarşılaşırlar ki, bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusən də zərərli qidalanma vərdişləri uşaqlarda piylənmənin inkişaf etməsində əsas rol oynayır. Uşaqlarda piylənmə hazırda geniş yayılmış və ciddi sağlamlıq problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatı artıq çəki və piylənməni (obezlik) ”sağlamlıq üçün risk yaradan anormal və ya həddindən artıq yağ yığılması” hesab edir. BMT-nin Uşaq Fondunun (UNİCEF) məlumatına əsasən, 2016-cı ildə dünyada 5 yaşadək 41 milyondan çox uşaqda artıq çəkiyə rast gəlinib. Artıq çəkili uşaqlarda yetkinlik yaşlarında da piylənmənin müşahidə edilməsi diabet və ürək-damar xəstəliklərinə yol açır. Hətta obez uşaqlarda astma tezliyinin daha yüksək olduğu müəyyən edilib.

Piylənməyə bir çox faktorlar səbəb ola bilər. Onların arasında həddindən artıq və qeyri-düzgün qidalanma ilə yanaşı, fiziki aktivliyin az olması daha geniş yayılmış amildir. Belə ki, qəbul edilən qida payının verdiyi enerji sərf edilən enerjidən çox olduqda piylənməyə yol açır. Ona görə də uşaqlarda sağlam vərdişləri inkişaf etdirmək, xüsusən də onlara zövq verən fiziki aktivliyi yüksəltmək vacibdir və bunun üçün hamılıqla dəstək və fəal olmaq lazımdır.

Uşaqlarda piylənməyə yol açan səbəblərdən biri də yemək vərdişlərindəki dəyişikliklərdir. Evdən kənarda yemək, nizamsız yemək fasilələri, eləcə də yüksək enerjili, yağ, şəkər, duz tərkibli qəlyanaltılar, unlu qənnadı məmulatları, fastfud və digər ayaqüstü yeməklər uşaqların sağlamlığına və rifah səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Çünki yüksək kalori tərkibinə baxmayaraq, ayaqüstü qidalar orqanizmin sağlamlığını dəstəkləmək və tələbatını ödəmək üçün faydalı deyil. Ona görə də bu tip qidalar qeyri-sağlam qidalar hesab edilir və bilavasitə piylənmənin yaranmasına gətirib çıxarır. Əlverişliliyi və cəlbediciliyi ilə uşaqları “asılı vəziyyətə” salan bu tip qidalar üstəlik soyuq qazlı sularla birlikdə istehlak ediləndə sağlamlıq üçün daha ciddi fəsadlara yol aça bilir. Qida qəbulu ilə bağlı vərdişlərin dəyişməsi meyvə-tərəvəz istehlakının da azalmasına səbəb olur. Hətta ayaqüstü yeməklərə meyilliliyin artması uşaqların fiziki və əqli sağlamlığı üçün olduqca vacib olan səhər yeməyini tədricən əvəz etməyə başlayır. Mütəxəssislərin fikrincə isə səhər yeməyi günün ən vacib yeməyi olmalıdır. Çünki sağlam səhər yeməyi gün boyu uşaqların sərf edəcəyi enerjini artırmaq üçün olduqca faydalıdır. Həmçinin balanslı səhər yeməyi beyinin işini gücləndirir, yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına da kömək edir. Qeyd edək ki, qeyri-sağlam qidalanma, həyat tərzindən başqa genetik faktorlar və hormonlar da uşaqlarda piylənməyə yol aça bilər.

Səmərəli qidalanmanın ən vacib şərtlərindən biri də qida qəbulları arasındakı fasilənin gözlənməsidir. Qidanın yaxşı çeynənməsi də şərtdir. Bu tələblərə riayət olunmayanda uşaqlarda həzm prosesi pozulur, orqanizmdə bir çox patoloji dəyişikliklərin yaranması üçün zəmin yaranır. Uşaqların qidalanması ilə bağlı vacib amillərdən biri də maye qəbuludur. Onların suya olan tələbatı daha çoxdur. Buna görə də uşaqlar gün ərzində kifayət qədər su və maye qəbul etməlidirlər. Piylənmə riskindən qorumaq üçün uşaqların gündəlik qida rasionunda isti duru yeməklərin, meyvə-tərəvəzin olması da şərtdir. Uşaqların qidalanmasında yaşı, fiziki yüklənməsi, əqli gərginliyi və digər amillər mütləq nəzərə alınmalıdır.

Piylənmənin inkişafına yol açan mühüm amillərdən biri də körpələrin həyatının ilk illərindəki qidalanmasıdır. Araşdırmalara əsasən, ana südü ilə qidalanan uşaqlarda piylənmə nisbətinin ana südü ilə qidalanmayan uşaqlara nisbətən daha az olduğu müəyyən edilib. Həmçinin ana südü ilə qidalanmanın müddəti, tamamlayıcı qidaların növü, miqdarı və başlanğıc vaxtının da piylənmənin meydana gəlməsinə təsir etdiyi sübut olunub. ÜST və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən nəşr olunan müxtəlif sənədlərdə qeyd olunur ki, körpələrin ilk 6 ay ana südü ilə qidalandırılması, 6 aydan sonra isə ana südü ilə birlikdə etibarlı, uyğun keyfiyyətli və tamamlayıcı qidaların verilməsi, eləcə də azı 2 il ana südü ilə qidalandırılması gələcəkdə piylənmə və xroniki xəstəliklər riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Qeyri-düzgün qidalanma və onun fəsadları uşaqlarda yuxu pozuntusuna da səbəb ola bilir. Hətta araşdırmalar yuxu apnesi (yuxu zamanı nəfəsin kəsilməsi) və həddindən artıq xoruldama kimi problemlərin obez uşaqlarda daha çox rast gəlindiyini göstərir. Bu da ürək-damar və sinir sistemində sağlamlıq problemlərinə səbəb ola bilir. Həmçinin belə uşaqlarda daim yorğunluq və konsentrasiyanın pozulması da müşahidə olunur. Uşaqların bir çoxu artıq çəkili olması səbəbindən ciddi psixoloji və sosial təzyiqə də məruz qalırlar. Bu da onlarda özünəinama və özünəgüvənə mühüm təsir göstərir.

Sadalanan bu və ya digər xəstəliklərin profilaktikası kimi erkən yaşlardan uşaqların qidalanması düzgün təşkil olunmalıdır. Çünki balanslı və səmərəli qidalanma uşağın gələcəkdə sağlam həyat tərzinin təminatıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.