Qəbizlik ən yayılmış pozulmalardan biridir. Demək olar, hər bir insan bu pozulma ilə üzləşə bilər.
Müasir insanların əksər hissəsi azhərəkətli həyat sürür, düzgün qidalanmır, tez-tez stress vəziyyətlərinə düşür və s. Bütün bunlar isə qəbizliyə gətirib çıxardır.
Sağlam insanda qəbizliyin səbəbi bir çox hallarda bayramlarda, toy və s. məclislərdə bir biri ilə uyğun olmayan, çoxçeşidli qidaların artıq miqdarlarda qəbul edilməsi olur. Mədə belə gərginliklə “bacara” bilmir, həzm prosesləri kəskin pozulur, nəticədə isə qəbizlik inkişaf edir. Bəzi dərmanların qəbulu da qəbizliyə səbəb ola bilər.
Bu problemin həlli məqsədi ilə bu kimi xalq təbabəti üsullarından istifadə edə bilərsiniz:
– Sənna otu dəmləməsi ən yaxşı və tez kömək edən vasitələrdən biri sayılır. 1 çay qaşığı ot 1 stəkan qaynar suda 1-2 saat ərzində dəmlənilir, süzülür və yatmazdan əvvəl 1/2 stəkan miqdarda içilir.
– Murdarça kolu qabığı da çox yaxşı vasitədir. 1 xörək qaşığı qabıqların üzərinə 1 stəkan qaynar su əlavə edin, süzün və gündə 2 dəfə 1/2 stəkan olmaqla qəbul edin.
– Gənəgərçək yağı də çox yaxşı effekt verir. 1-2 çay qaşığı gənəgərçə yağı axşam yatmazdan əvvəl qəbul edin.
– 4-5 dənə qara qavalı qurusu axşamdan az miqdarda suda isladın. Səhər qavalı yeyin və suyu için.
– 1 xörək qaşığı ağ qarağat (motmotu) giləmeyvələrin üzərinə 1 stəkan qaynar su əlavə edin və 10 dəqiqə ərzində vam odda qaynadın. Sonra süzün, 1 çay qaşığı bal əlavə edin və xırda qurtumlarla için.
– 2 xörək qaşığı buğda kəpəyi axşamdan suda isladın, yaxşı qarışdırın və səhər acqarına yeyin.
– 2 qaşıq kətan toxumu üzərinə 1 stəkan qaynar su əlavə edin, 1 saat ərzində dəmləyin və axşam yatmazdan əvvəl için.
– Sadə massaj qəbizliklə mübarizədə çox yaxşı kömək edir. Bel üstə uzanın, ayaqlarınızı dizlərdə qatlayın. Əvvəl yüngül hərəkətlərlə qarnınızı sığallayın ki, dəri bir qədər isinsin. Daha sonra qarnınızı müxtəlif istiqamətlərdə yaxşı-yaxşı “əzin” (ağrı olmamalıdır). Bu bağırsaqları hərəkət etdirir. Ən axırda qarnınızı saat əqrəbi istiqamətində massaj edin.
– Sübh tezdən acqarına 1 stəkan ilıq təmiz su için. Bu bağırsaqların yaxşı işləməsinə kömək edir.
Bütün bu vasitələr yalnız o halda təsir edə bilər ki, qəbizlik insanda nadir hallarda olur. Xroniki qəbizlik zamanı isə bu vasitələr adətən kömək etmir.
Xroniki qəbizlik xəstəlikdir və bütün digər xəstəliklər kimi mütləq və vaxtında müalicə olunmalıdır. Əks halda xroniki qəbizlik müxtəlif və çox ağır xəstəliklərin inkişafına təkan verə bilər. Bu xəstəliklərin arasında – babasil, düz bağırsağın xərçəngi və s.
Orqanik.az