Düz bağırsağın (bağırsağın son hissəsi) əsas vəzifəsi həzm olunmamış qida qalıqlarının orqanizmdən xaric olunmasıdır.
Düz bağırsaq kiçik çanaqda yerləşir və hər tərəfdən piy toxuması ilə əhatə olunur. Düz bağırsağın divarları selikli qişadan və əzələlərdən ibarətdir ki, bu əzələlər nəcis kütlələrini itələtir.
Düz bağırsağın selikli qişası çoxlu miqdarda selik ifraz edir ki, bu selik nəcisin asan keçməsini təmin edir. Defekasiya (nəcisin ifraz etməsi) mürəkkəb refleksdir. Defekasiya aktında çoxlu sinirlər və əzələlər iştirak edir. Məhz bu səbəbdən düz bağırsağın selikli qişasında çoxlu sinirlər var.
Düz bağırsağın selikli qişasının iltihabı “proktit” adlandırılır. İltihab prosesinə piy toxuması qoşulduqda buna “paraproktit” deyilir. Proktit və paraproktit çox yayılmış xəstəliklərdir. Bu xəstəliklər müxtəlif yaşda insanlarda inkişaf edir.
Proktitin əmələ gəlmə səbəbləri müxtəlifdir:
– istiotlu, ədviyyatlı qidalardan, spirtli içkilərdən süi-istifadəsi,
– bəzi infeksion xəstəliklər (süzənək, sifilis, vərəm və s. infeksiyalar),
– xroniki qəbizliklər,
– parazitar xəstəliklər (qurdlar),
– müxtəlif travmalar (bədbəxt hadisələr, cərrahiyyə əməliyyatları, doğuş travmaları),
– anus hissəsinin çatları, babasil,
– digər mədə-bağırsaq sistemi xəstəlikləri (hepatit, xolesistit, pankreatit, qastrit, xora xəstəliyi, Kron xəstəliyi və s.).
Soyuqlamalar, tez-tez təkrarlanan infeksiyalar, immunitetin zəifləməsi, qonşu orqanların iltihabları, tez-tez təkrarlanan ishal və ya qəbizlik proktitin inkişafına təkan verə bilər.
Proktit kəskin və xroniki ola bilər. Kəskin proktit qəfildən başlayır. Xəstədə düz bağırsaqda kəskin ağrılar (defekasiya zamanı ağrılar güclənir), bədən hərarətinin yüksəlməsi, titrəmə, düz bağırsaqda ağırlıq və güclü yandırma hissi, düz bağırsaqdan qanlı və irinli ifrazatların olması kimi simptomlar inkişaf edir. Bu simptomları müşahidə etdikdə dərhal proktoloqa müraciət etmək lazımdır. Müalicə vaxtında başlandıqda xəstəlik tam müalicə olunur. Əks halda isə proktit xroniki formaya keçir.
Xroniki proktit kəskin proktitlə müqayisədə daha tez-tez təsadüf edilir. Xəstəlik gizli şəkildə inkişaf edir. Xəstəni uzun müddət ərzində heç nə narahat etmir və ya simptomlar çox cüzi olur.
Xroniki proktitin simptomları arasında:
– düz bağırsaqda zəif ağrılar,
– düz bağırsaqda yüngül qaşınma və yandırma hissi,
– düz bağırsaqdan daim selikli-irinli ifrazatlar,
– nəcisdə qan izləri (proktitin bəzi formalarında),
– bəzən arıqlama (proktit xərçəng xəstəliyi fonnda inkişaf etdikdə),
Xroniki proktit illər ərzində inkişaf edə bilər və çox cüzi simptomlarla ifadə olunur. Bu səbəbdən xəstələr həkimə müraciət etməyə tələsmir. Lakin bu səhv yanaşmadır. Xroniki proktitin fonunda çox ağır xəstəliklər və pozulmalar inkişaf edə bilər – iltihabın bağırsaq boyu yayılması, poliplər, şişlər, bağırsaq toxumasının irinli əriməsi. Bu səbəbdən xroniki proktit vaxtında aşkar olunmalı və müalicə olunmalıdır.
Proktitin müalicəsi ilə həkim proktoloq məşğul olur.
Orqanik.az