Uşağa səmimi şəfqət, nəvaziş göstərməklə valideyn ilk növbədə özünə böyük yaxşılıq edir.
Çünki uşağa hansı duyğuları versə, onları da geri alacaq, qəzəb göstərsə, qəzəb, anlayış göstərsə, anlayış da görəcək.
Orqanik.az Axar.az-a istinadən bildirir ki, bu sözləri psixoloq Gülnar Orucova uşaqlarla davranış qaydaları haqında danışarkən deyib. O bildirib ki, valideynlər uşaqlarına hər yaş dövrünə uyğun davranmalıdır:
“Uşaqlar hər yaş dövründə fərqli olur. Buna görə də onlarla davranışda buna xüsusi diqqət göstərilməlidir. Ümumiyyətlə, uşağı nəyisə eləməyə və ya eləməməyə vadar etmək üçün ona fiziki cəza tətbiq edən, hədə-qorxu gələn valideynlər hazır olmalıdırlar ki, gələcəkdə uşaq onlara daha çox problem yaradacaq.
Xüsusilə, övladına şiddət göstərən valideynlər bilməlidir ki, uşaq özünü dərk etdikdən sonra ona göstərilən şiddəti heç vaxt unutmur və bu onda gələcəkdə psixoloji sarsıntılara səbəb olur. Bəzən bu sarsıntılar o qədər genişlənir ki, onların ailə qurmasında ciddi problemə səbəb olur. Çünki uşaqlığında valideynləri tərəfindən şiddət görən insanların bəziləri düşünür ki, əgər ailə qursalar, onlar da bu şiddəti ailələrinə və uşaqlarına göstərəcəklər. Buna görə də onlar ailə qurmaqdan bir növ çəkinirlər.
Statistikaya baxsaq, görərik ki, şiddətə meyilli olan şəxslərin əksəriyyəti uşaqlığında valideynləri tərəfindən təhqirə və şiddətə məruz qalan şəxslərdir. Buna görə də vaxtında bir qədər səy göstərib və səbrli olmaqla, uşaqlara qarşı daha mülayim davranmaq lazımdır”.
Orqanik.az