Hal hazırda insanların, demək olar, əksəriyyətində bu pozulmanı müxtəlif formalarda aşkar etmək mümkündür.
Xalq arasında buna “duzların yığılması” deyirlər. Lakin bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur.
Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdan amortizasiya funksiyasını yerinə yetirir – qığırdaq fəqərələrə bir birini saxmaq və sürtmək imkan vermir. Qığırdaq zədələndikdə və daha sonra dağıldıqda fəqərələr bir birini sıxmağa başalayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır və bu müxtəlif pozulmalara səbəb olur.
Belə ki, boyun osteoxondrozu zamanı xəstədə bu kimi simptomlar müşahidə olunur: baş ağrıları, başgicəllənməsi, boyun nahiyəsində və qollarda ağrılar, qolların keyiməsi, qulaqlarda küy, beyin qan dövranı pozulması, diqqət və yaddaşın zəifləməsi.
Onurğa sütunu döş hissəsi osteoxondrozu zamanı ürək, mədə, bağırsaqlarda ağrılar ola bilər.
Bel fəqərələri osteoxondrozu zamanı bel nahiyəsində və ayaqlarda ağrılar, baldırlarda qıcolmalar, sidik kisəsində pozulmalar (ağrılar, sidik saxlaya bilməmək halı), kişilərdə prostat vəzidə pozulmalar, qadınlarda ginekoloji xəstəliklər və s. ola bilər.
Xəstəlik inkişaf etdikcə xəstədə onurğa sütunu yırtıqları inkişaf edə bilər. Bu zaman onurğa beyini sıxılmağa başlayır ki, bu çox ağır pozulmalara gətirib çıxarda bilər – xəstənin ayaqları tutulur, xəstə yeriyə bilmir və s.
Osteoxondrozun inkişafına bu kimi amillər təkan verir: irsiyyət, azhərəkətli həyat tərzi, artıq çəki, ağır yüklərin qaldırılması, travma və mikrotravmalar.
Osteoxondroz uzun illər ərzində inkişaf edir. Hal hazırda bu pozulmanı tam müalicə etmək mümkün deyil. Lakin müəyyən müalicə və profilaktik vasitələrin köməyi ilə bu pozulmanın inkişafını ləngitmək və xəstəni osteoxondrozla bağlı olan ağrılar və digər pozulmalardan xilas etmək mümkündür. Müalicə olunmadıqda osteoxondroz çox ağır fəsadlara (hətta əlilliyə) gətirib çıxarda bilər.
Osteoxondrozun kəskin dövrlərində (əsasən döş və bel osteoxondrozu zamanı) xəstəyə yataq rejimi təyin edilir. Xəstə düz dərk yerdə uzanmalıdır. Müalicə zamanı müxtəlif korsetlərdən (boyun korseti, bel korseti və s.) istifadə olunur. Ağrıların və iltihabın azaldılması üçün xüsusi preparatlar (diklofenak, ibuprofen, indometasin və s.) təyin olunur. Həmçinin spazmolitik preparatlar, B qrupu vitaminləri, nikotin turşusu, qığırdağın qidalanmasını yaxşılaşdıran preparatlar və s. təyin olunur.
Boyun osteoxondrozu zamanı xəstəyə beyin qan dövranı yaxşılaşdıran preparatlar təyin olunur.
Çox ağır, müalicəsiz buraxılmış hallarda və həmçinin onurğa beyini sıxılması zamanı cərrahiyə müalicəsi tətbiq edilir.
Nəzərinizə çatdıraq ki, osteoxondrozun müalicəsi ilə yalnız bu işdə geniş bilikləri və təcrübəsi olan mütəxəssis məşğul olmalıdır. Əks halda “müalicə” xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq.
Osteoxondrozun müalicəsi ilə vertebroloqlar məşğul olur. Bu həkimlər məhz onurğa sütunu xəstəliklərin müalicəsində ixtisaslaşmış mütəxəssislərdir. Lakin belə həkimlər hələ ki azdır.
Vertebroloqlardan əlavə osteoxondrozu nevroloqlar müalicə edir.
Xəstəliyin remissiyası (sakitləşmə) dövrlərində xüsusi massaj və müalicəvi fiziki tərbiyyəsi, manual terapiya, fizioterapiya (elektroforez), onurğa sütunu uzatması (xüsusi klinikalarda həyata keçirilir), xüsusi müalicəvi vannalar, bəzi dərman preparatları tətbiq edilir.
Üzgüçülük osteoxondrozla mübarizədə ən effektli və sınanmış vasitələrdən biridir. Su onurğa sütunda olan gərginliyi azaldır, “masaj” edir, onurğa sütunu saxlayan əzələləri bərkidir.
Orqanik.az