Tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Kolesnikov koronavirusun “omikron” ştamına yoluxanlara boğazlarını araqla qarqara eləməyi məsləhət görür.
Orqanik.az virtualaz.org-a istinadən bildirir ki, akademik bu haqda “Radio 1” -də danışıb.
“Alkoqolun buxarı ilə nəfəs almaq müəyyən dərəcədə virusun tənəffüs yollarından xaric olmasına imkan yaradır. Bunun üçün kifayətdir ki, tibbi maskanı adi araqla isladasan və onunla nəfəs alasan”, – o bildirib.
Akademikin fikrincə, araqla isladılmış maska ilə nəfəs almaqla yanaşı araqla boğazı qarqara eləmək də “omikron” ştamının yayılmasının qarşısını alır. O, habelə məsləhət görüb ki, bu ştama yoluxmamaq üçün sosial məsafəni gözləmək, əlləri və burunu yumaq lazımdır. Akademik virusa ən çox yoluxma şansının ictimai nəqliyyatda və tibb müəssisələrində olduğunu deyir.
Lakin akademik Kolesnikovun “boğazı araqla yaşlamaqla” koronavirusun indiki ştamının qarşısını almağın mümkünlüyü barədə məsləhətinə elə onun həmkarları şübhə edirlər. Rusiya Elmlər Akademiyasının səhiyyənin iqtisadiyyatı İnstitutunun direktoru Larisa Popoviç RBC agentliyinə deyib ki, Sergey Kolesnikovun bu məsləhəti qəribədir. Çünki spirt virusları öldürmür, araq isə həm selikli qişanı, həm hər şeyi bir ucdan öldürür.
“Əlbəttə, spirt antiseptik xüsusiyyətə malikdir, amma dəqiqdir ki, virusları öldürmür. Ən azından onun buxarı ilə nəfəs alanda. Araq isə həm selikli qişanı öldürür, həm hər şeyi”, – Popoviç deyib.
O məsləhət görür ki, spirtlə ancaq əlləri silmək lazımdır və iyləmək olmaz. “Arağı isə, əgər istifadə etmək lazımdırsa, o zaman daxilə qəbul etmək lazımdır, o da çox nadir hallarda, ancaq bayramlarda”, – mütəxəssis bildirib.
Orqanik.az