Qıcqırma-sinə hissəsində müşahidə olunan yandırma, bəzən ürəkbulanma, gəyirmə, ağızda acı və turş dad yaradan bir prosesdir. Çox zaman bu hal ağır yeməkdən sonra və uzanıq halda yaranır. Qıcqırma qastroezofaqel reflyuks xəstəliyinin də əlaməti ola bilər.
Səbəbləri
Mədədə yerləşən turş maddələr aşağıdakı səbəblərə görə qida borusuna gedir:
-çox yemək və sağlam olmayan vərdişlər, məsələn: ayaqüstü-tələsik yemək, qidanı yetərincə çeynəməmək, şokolad, yağlı və ədviyyalı şirniyyatlar yemək;
-artıq çəki;
-siqaret çəkmək;
-çoxlu sayda sitrus meyvələri, pomidor, şokolad və nanə qəbulu;
-kəskin və ədviyyatlı qida;
-yeməyin tərkibində hədsiz çox soğan olması;
-spirli, qazlı içkilər, qəhvə;
-stresslər;
-bəzi dərman preparatları;
-hədsiz dar geyimlər, kəmərlər (nıəticədə qarın sıxılır);
-yeməkdən sonra əyilmə və ağırlıq qaldırma;
-hamiləlik.
Əlamətləri
Əgər yanma (qıcqırma) hissi qarının yuxarı hissəsindədirsə və bir çox halda qida borusuna, boğaza çatırsa, əyilmə və uzanma zamanı bu hiss daha çox artaraq gəyirmə yaradırsa bu problemi həll etmək cəhd etmək olar. Lakin, belə simptomlar çox tez-tez və ya vaxtaşırı yaranırsa, eləcə də, xroniki öskürək də mövcuddursa dərhal həkimə müraciət etmək məsləhətdir. Eyni zamanda qıcqırma iştahsızlıq və yorğunluqla müşayiət olunarsa müayinəyə getmək mütləqdir.
Nə edə bilərsiz?
Ehtiyac olduğu halda reseptsiz satılan mədə turşuluğunu azaldan dərman preparatlarından qəbul edə bilərsiniz. Siqaret çəkirsinizsə tərgitmək məsləhətdir. Əgər artıq çəkidən əziyyət çəkirsinizsə arıqlamağa başlayın.
Qıcqırma halı tez-tez və ağrılı baş verirsə həkimə müraciət edin.
Həkim nə edə bilər?
Endoskopik və ultrasəs müayinəsi təyin edər. Yaranma səbəblərini araşdıraraq mədə xorası və digər həzm sistemi xəstəlikləri kimi ciddi xəstəliklərin aradan qaldırılmasını təmin edər. Düzgün müalicə və pəhriz təyin edər. Zəruri olduğu halda xəstəxanaya yazılmağı təyin edər. Əgər mədə yırtığı aşkarlanarsa əməliyyata alınmalıdır.
Profilaktik tədbirlər
Gün ərzində yediyiniz qidanı az-az, asta və çox çeynəyərək qəbul edin. Çalışın sağlam qidalardan istifadə edin, hədsiz yağlı və kəskin qidaları unutmağa çalışın, eləcə də şokolad, spirtli və qazlı içkilər, qəhvədən uzaq olun.
Orqanik.az