İnsan Allah qatında ən üstün varlıqdır və ən şərəfli məxluqatdır. Ona görə də onun etdiyi hər bir əməl və hər bir rəftar Allahı ya sevindirər, ya qəzəbləndirər. O zaman ki, Adəm övladı Allahın vacib olaraq buyurmadığı müstəhəb və saleh əməlləri yerinə yetirər, bu əməl Allahı sevindirər. Bəzən də bəndə büdrəyər və Allaha itaətsizlik edər ki, bu da Allahı məyus edər. Çünki, insanı yaradan zaman hədəfi ancaq kamala çatması olmuşdur, şeytan (lən) kimi süqut etməsi deyil.
Yəqin ki, çoxlarınız kuzə düzəldənin şagirdinin hekayəsini eşitmisiniz. Şagirdi kuzəni düzəldir və sobaya verməzdən əvvəl üzərinə mala çəkir. Ancaq bu malanı çəkəndən sonra kuzə sobada əyləşə bilmir, yıxılır və bütün zəhmətlər hədər olur.
Bir gün şagirdi bu haldan nigaran olur və müəlliminə müraciət edir. Müəllimi ona deyir ki, mənim gözümün önündə kuzəni düzəlt və sobaya qoy.
Elə ki, kuzəni düzəldir, malasını vurub sobaya vermək istəyir, bu zaman müəllimi onun səhvini başa düşür və deyir: “Mənə mala vurmadığın kuzələrindən birini ver”.
Şagirdi də elə edir və mala vurmadığı kuzələrdən birini müəlliminə verir. O, kuzənin hər tərəfinə üfürür və üzərində olan toz-torpaqdan təmizləyir və sonra malasını vurub, sobaya qoyur. Bu zaman kuzə sobada gözəl şəkildə əyləşir və bişir. Çıxan zaman isə gözəl bir kuzəyə çevrilir.
Müəllimi şagirdinə deyir: “Sən hər bir şeyi düz edirsən, sadəcə kuzəni toz-torpaqdan təmizləməyi unudursan. Ona görə də kuzələrin istədiyin kimi alınmır”.
Biz insanlar da eləyik. Əgər üzərimizə yapışan günah tozunu özümüzdən təmizləməsək, Allahı və Məsumlarımızı (ə) məyus etmiş olarıq. Bizim xalis kuzə halına düşməyimiz üçün günahın toz-torpağından xilas olmağımız lazımdır. Ancaq bu halda xalis insan halını ala bilər, Allah bəndəsi ola bilərik. Ancaq bu hada Allahı sevindirə bilərik.
Orqanik.az