Qış aylarında mənzil və ofisləri isitmək üçün kondisionerdən də istifadə olunur. Amma burda müəyyən qaydalara əməl olunması vacibdir. Həmin qaydalara əməl edilməməsi insan sağlamlığı üçün fəsadlar yarada bilər.
Orqanik.az aztibb.az-a istinadən bildirir ki, həkim-pulmonoloq Əsəd Beydullayev bu barədə danışaraq, deyib: “Qaydaların gözlənilməməsi müəyyən xəstəliyi olanlara, xüsusilə faringitin kəskinləşməsinə, göz və burun quruluğuna səbəb ola bilər. Lakin onların hamısının önündə legionella deyilən bir infeksiya dayanır, həmin infeksiyaya yoluxma zamanı halsızlıq və eynən qripdə olan əlamətlər müşahidə olunur və onu kondisionerdən törəyən xəstəlik hesab edirlər. Oynaq ağrıları, temperatur yüksəlməsi, halsızlıq və qrip xəstəliyində olan əlamətlər baş qaldırır. Kondisionerdə kif göbələklərinin olması daha böyük fəsadlara səbəb ola bilir”.
Sağlamlıqda belə fəsadlarla üzləşməmək üçün kondisionerlərin filtrləri vaxtında təmizlənməlidir. Təəssüf ki, əksər hallarda vətəndaşlar bu məsələyə laqeyd yanaşırlar: Əslində kondisionerin içərisindəki baraban və filtrlər təmizlənməlidir. İşləndikcə kondisionerə toz və gözə görünməyən bakteriayalar yığılır və onlar orqanizmə zərər vurur.
Bir məqama da xüsusi diqqət yetirmək tövsiyə edilir. Evi kondisionerlə qızdırarkən temperaturu yüksək etmək məsləhət görülmür. “İlk növbədə onu qeyd etmək istəyirəm ki, kondisionerdən istifadə olunarkən onun texniki xüsusiyyətləri nəzərə alınmalıdır. Evdəki kondisionerlə – istər yay, istərsə də qış ayları olsun – bayırdakı temperatur arasında 4-5 dərəcədən artıq fərq yaranmamalıdır”, – deyə həkim-pulmonoloq bildirib.
Qaydalara riayət etmək sağlamlıq üçün mütləq şərtdir. Həmin tövsiyələrə əməl edilsə, təhlükələrdən sığortalanmaq mümkündür.
Orqanik.az