Batareyaların ziyanı zibil qutusuna düşdükdən və ya sadəcə küçəyə atıldıqdan sonra başlayır.
Köhnə batareyaları hara gəldi atmaq, xüsusilə də uşaqlara oynamağa vermək olmaz. Belə batareyalar istifadədən sonra xüsusi qutulara atılmalıdır. Xarici ölkələrdə bu üsul geniş tətbiq olunur.
Orqanik.az xəbər verir ki, batareyaların tərkibindəki kimyəvi maddələr torpağa, suya, havaya qarışaraq, canlıların xəstələnməsi və zəhərlənməsi ilə nəticələnir.
Tullantı batareyaların səbəb olduğu xəstəliklərdən başlıcaları, nevroloji pozğunluqlar, mərkəzi sinir sistemi xəstəlikləri, xərçəng, böyrək və qaraciyər xəstəlikləridir. Batareyaların içindəki bütün maddələrin zərəri bəzən öldürücü dərəcəyə çata bilir. Maddələr torpağa qarışaraq heyvanların yediklərindən, ya da sulardan insan bədəninə qarışır. Batareyalar torpağı istifadəsi mümkünsüz hala gətirir.
İşlənmiş batareyanın evdə, torpaqda, boş ərazidə, suda qalması ilə toksiki maddələrin insan orqanizminə keçməsi nəticəsində mənşəyi bilinməyən şişlər, görmənin zəifləməsi, dəri xəstəlikləri, dermatit, eczema, sümük əriməsi, böyrəklərdə duzlar, daşlar, şişlər, ağciyər xəstəlikləri, allergik bronxit, uşaqların qüsurlu doğulması və gec inkişafı kimi xəstəliklər yaranır.
Civə və civə birləşmələri insan və ətraf sağlamlığı baxımından çox təhlükəlidir. Batareyadakı civə sürətlə dəri və ya tənəffüs yolu ilə bədənə girə bilər. Sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı vardır. Bundan başqa, bədənə alınan civənin beyin və böyrəklər üzərində də ağır yaralar yaratdığı aparılan tədqiqatlarla müəyyən edilib. Civə konsentrasiyasının bədəndə yüksəlməsi təzyiq yüksəlməsinə, infarkta, dəridə qızarma və yaralara, gözlərin zərər görməsinə səbəb olur.
İçməli su və ya qida yolu ilə insan bədəninə girən civə eşitmə pozğunluğu, mərkəzi sinir sisteminin pozulması və xərçəngə, böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına gətirib çıxarır.
Cəmiyyətimiz batareyaların təkrar istifadəsi probleminə az diqqət yetirir. Hər birimiz gələcək nəslin sağlamlığına diqqət yetirməli və istifadədən sonra batareyaların təkrar emalını təşviq etməliyik.
Orqanik.az