Toxuma və orqanlara arteriyalarla gələn qanın azalması və ya tamamilə kəsilməsi ilə əlaqədar olaraq yerli qansızmaya işemiya deyilir. Səbəbinə və yaranmasına görə işemiyanın bir-neçə növü ayırd edilir:
1. Angiospastik işemiya.
Bu arteriyaların spazmı nəıticəsində yaranan yerli qan azlığıdır. Arteriyaların spazmı müxtəlif səbəblərdən ola bilir. Adətən arteriya divarının əzələ qişası emosional gərginliyin təsiri ilə reflektor yolla yığılır. Bunlara aşağıdakılar daxildir:
– qorxu
– qəzəb
– ağrı
– soyuq
– travma
– toksinlər.
Bəzi dərman preparatları da damarlarda emosional gərginliyin yaranmasına səbəb ola bilir.
2. Obturasion işemiya.
İşemiyanın bu növü arteriya damarının mənfəzinin tutulması ilə əlaqədar olur. Bu iltihabı proseslər zamanı baş verir.
3. Kompresion işemiya.
Bu arteriyaların şiş, eksudat, çapıq toxuma ilə tutulması nəticəsində əmələ gəlir.
4. Qanın toxumalar arasında qeyri-bərabər yayılması ilə əlaqədar olan işemiya.
Bu orqanın müəyyən bir hissəsində qanın toplanması nəticəsində əmələ gələn işemiyadır. Məsələn, periton boşluğuna yığılan mayeni sürətlə çıxartdıqda qarının divarında və bağırsaqlarda postişemik arterial işemiya əmələ gəlir.
İşemiya baş verdiyi nahiyyədə qan dövranının pozulmasına səbəb olur. Bu zaman həmin hissəyə qanın gəlməsi zəifləyir, qan cərəyanının sürəti zəifləyir, fəaliyyətdə olan kapilyarların mənfəzi daralır və oraya formalı elementlər daxil ola bilmir. Sonra plazmatik kapilyarların fəaliyyəti tamamilə dayanır. İşemiya baş verdikdə damardaxili təzyiq azaldığına görə kapilyarlarda olan mayenin filtirasiya yolu ilə hüceyrəarası sahəyə keçməsi çətinləşir. Bunun nəticəsində hüceyrəarası sahədə mayenin miqdarı azalır və limfa dövranı zəifləyir.
İşemiya baş verən bölgədə hipoksiya ilə əlaqədar olaraq oksidləşmə prosesi pozulur, həmin nahiyyə oksigenlə qidalana bilımir. İşemiya olan nahiyyədə zülalların sintezi azalır, həmin hissələrdə qan damarlarının qanla dolması zəiflədiyinə görə orqan və toxumaların həcmi kiçilir, rəngi avazıyır.
Ətrafların işemiyası ağrı keyləşmə, dəridə qarışqa gəzməsi hissi kimi hissiyyat pozğunluqları ilə özünü biruzə verir.
Orqanik.az