Həyat qurtarıcı kəşf olan insulinin 100 yaşı olur. İnsulinin kəşfi nəinki endokrinologiya və bütövlüklə tibbdə böyük çevrilişə səbəb oldu.
Uzun illər, insulin preparatı, kəşf olunana qədər şəkərli diabet ölümcül xəstəlik hesab olunurdu. Xəstəliyin yeganə müalicəsi dr.Allen tərəfindən təklif olunmuş ciddi karbohidratsız pəhriz hesab olunurdu. Pasiyentlər üzülmə ilə, bir neçə il sürən ağır xəstəlikdən sonra tələf olurdular.
18 ci əsrin 60-cı illərində alman tələbə Pol Langerhans mədəaltı vəzini öyrənərkən orada parlaq möhtəviyyatlı, xırda, xaotik yerləşmiş hüceyrələr qrupu aşkarlamışdı. Sonradan bu hüceyrə qrupları elə həmin alimin şərəfinə Langerhans adacıqları adlandırıldı.
Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, daha sonralar Oskar Minkovski tədqiqatlar zamanı müəyyənləşdirdi ki, itlərdə mədəaltı vəzini cərrahi çıxaran zaman şəkərli diabet yaranır. Ancaq onlarda mədəaltı vəzinin axarını bağlayan zaman isə həzm funksiyası pozulsa da, qanda şəkərin miqdarında heç bir artım qeyd olunmadı. Buradan alim belə nəticəyə gəlir ki, mədəaltı vəzi iki funksiya yerinə yetirir. Həzm funksiyası və şəkər tənzimləmə funksiyası.
Bütün bu əldə olunmuş bilgilərə baxmayaraq, hələ də qanda şəkəri nəyin tənzimlədiyi və şəkərli diabetin müalicəsi hələ də tapılmamışdır.
1921-ci ildə gənc həkim Frederik Bantinq və tibb tələbəsi Çarlz Best birlikdə professor Con Makleodun başçılığı ilə 10 it üzərində təcrübələrə başlayırlar. Bir qrup itdə mədəaltı vəzini cərrahi yolla çıxarıb onu müxtəlif duzlu məhlullarda donduraraq saxlayırlar, sonra da filtrasiya edərək bir məhlul əldə edirlər və buna Ayletin adı verirlər. Mədəaltı vəzisi çıxarılmış itlərdə diabet formalaşır, itlərin qan şəkərləri yüksəlir və onlar çəki itirməyə, çoxsaylı sidik ifraz etməyə başlayırlar. Ancaq Ayletin inyeksiyasından sonra itərdə diabet əlamətləri çəkilib, qan şəkərləri normallaşmağa başlayıb. Professor Makleod bu məhlulu insulin adlandırmağı təklif edib. Tədqiqatlar tam gücü ilə davam edib. 1921-ci ilin sonunda alimlərə daha bir alim qoşulub. Biokimya üzrə mütəxəssis Ceyms Kollip alınmış məhlulun təmizlənərək daha təmiz preparatı almaq üçün tədqiqatlara cəlb olunmuşdu. Alimlər alınmış preparatın insanlar üzərində tətbiq etməyə can atırdılar.
Bantinq və Best ilk dəfə preparatı özlərində istifadə etdilər. Lakin əsmə və üşütmədən başqa heç bir əlamət aşkarlaya bilmədilər.
1922-ci il 11 yanvar tarixində Torontoda ilk dəfə insulin şəkərli diabetdən əziyyət çəkən 14 yaşlı oğlan Leonard Tompsona yeridildi. Çox təəssüf ki, birinci inyeksiya uğurlu olmadı, inyeksiya yerində iltihab yarandı və ona görə də insulin yenidən təmizlənilməsi haqda qərara gəlindi. 23 yanvarda eyni uşağa təmizlənmiş insulin təkrar yeridildi. Bu zaman alınan nəticə, heyrətamiz oldu. Qan şəkərləri 29 mmol/l-dən 6.7 mmol/-ə kimi azaldı.
1923-cü ildə Bantinqton və Makleod insulin kəşfinə görə Nobel mükafatı ilə təltif olundular.
Bantinq və Makleod insulinin kəşfi ilə əlaqədar patent aldılar və sonra bunu Toronto universitetinə satdılar.
Daha sonra müasir farmasevtik şirkətlərin açılışı ilə insulinin istehsalı kütləvi xarakter daşımağa başladı və bununla da şəkərli diabetin müalicəsində yeni eraya qədəm qoyuldu.
60 il ərzində heyvanların mədəaltı vəzi toxumalarından insulin alınmağa davam olundu.
1976-cı ildə Hoechst şirkəti ilk dəfə yarısintetik, insani insulin istehsalına başladı. Beləcə, insulin defisiti problemi həll olundu.
Bu illər ərzində müxtəlif müasir farmasevtik şirkətlərin yaranması ilə əlaqədar daha müasir və uzunmüddətli insan insulinlərinin analoqlarının istehsalı ilə əlaqədar şəkərli diabet kimi müalicəsi vaxtı ilə mümkünsüz hesab olunan bir xəstəliyin müalicəsində inqilabi irəliləyiş oldu.
Biz, əslində, müasir innovative metodlarla istehsal olunan preparatların mövcud olduğu dövrdə yaşadığımız üçün çox şanslıyıq.
Ayşən Xəlilova
Orqanik.az