Ehtiras nədir?
Ehtiras qüvvətli, uzunmüddətli və dərin hissdir. Ehtiras insan şüurunun, daxili qüvvəsinin müəyyən vahid məqsədə yönəlməsində öz əksini tapır. Bu zaman hisslər iradi cəhdlə birləşərək adamı müəyyən çətinlikləri aradan qaldırmağa təhrik edir.
Frustrasiya nədir?
Frustrasiya İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və xəyali maneələrlə rastlaşması nəticəsində keçirdiyi emosional haldır. Frustrasiya insanın narazılıq və ya təmin olunmamaq səviyyəsi, onun dözüm səviyyəsindən üstün olan zaman meydana çıxır. Frustrasiya daha çox şəxsiyyətin mənfi sosial qiymətləndirilməsi, onun üçün müqəddəs olan hisslərə saymazyana yanaşması hallarında özünü itirmək, qəzəb, küskünlük şəklində təzahür edir. Frustrasiya halında insanda dərin psixi sarsıntılar baş verir. Frustrasiya insanın xarakterinə təsir edir, onun davranışında inamsızlıq baş verir, bir sıra nevrotik xəstəliklər meydana çıxır.
Emosiya nədir?
Emosiya insanın dərk etdiyi cism və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münsibəti ifadə edən psixi prosesdir. Bir sözlə emosiya hansısa bir varlıq və ya hadisəyə həvəslə yanaşmadır. Emosiya baş verdikdə bədəndə müxtəlif üzvi dəyişikliklər baş verir. Hisslər adamın mimikasında özünün biruzə verir.
Əhval nədir?
Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, bir müddət davam edən emosional haldır. Əhval insanın ətrafında baş verən hadisələrlə əlaqəlidir. Bu səbəbdən də insanın davranışı təsəvvür və düşüncəsi, ətraf aləmə bəslədiyi münasibət onun əhvalından birbaşa asılı olur.
Orqanik.az