Payız və qış ayları uşaqdan böyüyə hamı tez-tez qripə yoluxur, soyuqdəymədən əziyyət çəkir. Çox vaxt da dərman içmədən xəstəlikdən yaxa qurtarmağın mümkün olmadığını düşünürlər. Halbuki immun sistemini qorumaq və gücləndirməklə müəyyən xəstəliklərdən xilas olmaq mümkündür.
Həkimlər iki cür immunitet forması olduğunu deyirlər: anadangəlmə və sonradan qazanılma. Hər kəs doğularkən onda müəyyən immun reaksiyaları formalaşır. Qazanılmış immunitet isə illər boyu hər hansı infeksion xəstəliyə orqanizmin reaksiyasıdır.
Orqanik.az xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova deyib: “Xəstəliyə tutulanda orqanizmdə immun hüceyrələri nəticəsində həmin xəstəliyə qarşı davamlılıq meydana gəlir. Əslində qrip xəstəliyində də belədir. Qrip xəstəliyinin törədicisi hədsiz çox olduğu üçün bir törədiciyə qarşı immunitet əmələ gəlməsi digər qrip tərədicilərinə qarşı immunitet əmələ gəlməməsinə səbəb olmur. Dalbadal qrip infeksiyalarına yoluxmaq həmin xəstəliyin müxtəlif törədicilərinə yoluxmaq deməkdir”.
İmmunitetin güclü olmasında ana südünün də çox böyük rolu var. Uşaqlara 2 yaşınadək ana südünün verilməsi çox əhəmiyyətlidir, çünki anticisimlərlə zəngin ana südü körpənin ilk peyvəndi sayılır və onu bir sıra xəstəliklərdən qoruyur.
“Ana südü sterildir və daim istifadəyə hazırdır. Ana südünün tərkibində olan qidalar, vitamin və minerallar uşağın formalaşmasında və immunitetin əmələ gəlməsində vacib rol oynayır. Ana südünün tərkibində olan fermentlər həzmi formalaşdırır və uşaq onu daha yaxşı həzm edir”,- deyə həkim-endokrinoloq bildirib.
Mütəxəssislərin dediyinə görə, insanlar özləri də immuniteti qaldıra bilərlər. Normal qidalanmaq, meyvə-tərəvəzə daha çox üstünlük vermək, təmiz havada çox olmaq, idmanla məşğul olmaq lazımdır. Bütün bunlar müəyyən qədər də olsa immunitetin möhkəmlənməsinə aparıb çıxarır.
Orqanik.az