İnfarkt (miokard infarktı) ürək damarlarının bağlanması nəticəsində inkişaf edən patoloji haldır.
Damar bağlananda qan ürəyə daxil olmur və ürək əzələsində 20 dəqiqədən sonra nekroz prosesi (ürək hüceyrələrinin məhv olunması) başlayır.
Həkimlər qeyd edir ki, xəstəyə infarkt başlayandan 1,5-2 saat (buna “terapevtik pəncərə” deyilir) ərzində ən effektli kömək etmək olar. 2 saatdan sonra müalicənin effektivliyi kəskin azalır, ağır pozulmaların (əlillik, ölüm) riski isə artır.
Bu səbəbdən infarktın diaqnozu nə qədər tez qoyularsa və xəstə xəstəxanaya nə qədər tez çatdırılarsa, onun həyatda qalmaq şansı da o qədər yüksək olacaq. Bu səbəbdən hər kəs infarktın simptomlarını və infarkt zamanı ilk yardım qaydalarını bilməlidir.
Orqanik.az siziinfarktın əsas simptomlarıilə tanış edir:
– Ürək nahiyəsində çox güclü, dözülməz ağrı (xəstələr bu ağrını təsvir edəndə deyirlər ki, “ürəyə sanki xəncər batırıblar”). Ağrı stenokardiya ağrısından qat-qat daha güclüdür. Ağrı kürəyə, qola, çənəyə, qarının yuxarı hissəsinə yayıla bilər. Əgər siz ürək tutması zamanı adətən nitroqliserin qəbul edirsinizsə, infarkt zamanı nitroqliserin yardım etməyəcək.
– Ürəkbulanması, bəzən qusma
– Güclü narahatçılıq hissi (insan özünə yer tapa bilmir)
– Ölüm qorxusu
– Soyuq tər
– Güclü zəiflik
– Baş gicəllənməsi, bəzən bayılma
– Təngənəfəslik
– Ürək ritminin pozulması (gah tez-tez vurur, gah seyrəlir).
İlk yardım:
– Dərhal “təcili yardım” çağırın (tel – 103). İnfarkdan şübhə etdiyinizi qeyd edin.
– Xəstəni yarıoturaq vəziyyətdə otuzdurun (uzatmaq olmaz!)
– Otağın pəncərəsini açın ki, hava axını artsın
– Xəstənin yaxasını açın, kəmərini boşaldın
– 1 iri həb aspirin verin (xəstə onu çeynəməlidir)
– Xəstənin təzyiqi yüksəkdirsə, dilin altına nitroqliserin həbini qoyun. Hər 5 dəqiqədən bir nitroqliserin verin (3 dəfədən çox olmaz). Təzyiq aşağıdırsa və ya təzyiqi ölçməyə imkan yoxdursa nitroqliserin vermək olmaz, bu kollaps və komaya səbəb ola bilər.
Bəzən elə olur ki, xəstə evdə təkdir. Bu halda imkan daxilində özünüzə yuxarıda sadalanan yardım edin və mütləq çöl qapısını açıq qoyun ki, bayılma baş verərsə həkimlər vaxt itirmədən evə daxil ola bilsin.
Orqanik.az