Ürək döyüntüsünün artması, halsızlıq, daim yatmaq istəyi və başgicəllənmən qan azlığının əlamətləri hesab olunur. Həmin narahatlığı aradan qaldırmaq üçün müxtəlif qida, preparat və qida əlavələrindən istifadə edilir. Hematogen şokoladı qan artıran tərkibə malik qida əlavəsidir, əsas komponenti qara albumindir. Bu zülal qanın xüsusi şərtlərlə çoxqatlı təmizlənməsindən alınır və dəmirlə zəngindir. Preparat hazırlandığı toza tünd rəng verən isə eritrositlərdir.
Apteklərdə reseptsiz satılsa da, həkimlər onu müayinəsiz qəbul etməyi məsləhət görmürlər. Orqanik.az bildirir ki, həkim-endokrinoloq Şəbnəm Əlirzayeva AZƏRTAC-a deyib: “Ondan kor-koranə istifadə etmək düzgün deyil. İlk növbədə çalışmaq lazımdır ki, qanın ümumi analizi verilsin, müayinə nəticəsində qan azlığı aşkar olunarsa, hematogendən qida əlavəsi kimi istifadə etmək olar. Uşaqlar ondan gündə 30 qrama, böyüklər isə 50 qrama qədər qəbul edə bilərlər”.
Kolorisi çox olduğuna görə yüksək təzyiq, diabet xəstələri və piylənmədən əziyyət çəkənlər istifadə zamanı xüsusilə diqqətli olmalıdırlar.
“Bir-iki ay hematogen qəbul etdikdən sonra qanın müayinəsi aparılmalı və dəmirin səviyyəsinə uyğun olaraq şokolad qəbul edib-etməməyi müəyyənəşdirmək lazımdır. Onun tərkibində qatılaşdırılmış süd, şəkər və s. əlavə olunduğuna görə bəzi uşaqlarda allergiya verə bilər. Əslində qanın miqdarını təbii qidalarla artırmaq daha yaxşıdır. Qəbul edilən qidaların tərkibində ətin, qaraciyərin, kahı, bibər və digər yaşıl yarpaqlı bitkilərin tərkibində dəmir daha çoxdur”, – deyə həkim-endokrinoloq bildirib.
Həkimlər qan artıran həmin qidalardan sonra C vitamini ilə zəngin məhsullar yeməyi məsləhət görürlər. Belə olduğu halda qidaların tərkibindəki dəmiri orqanizm daha asan mənimsəyir.
Orqanik.az