Piylənmə bütün dünyada iqtisadi təsirləri ilə artan ictimai sağlamlıq problemidir.
Ümumdünya Piylənmə ilə Mübarizə Federasiyasının məruzəsindəki proqnozda əks olunub ki, 2035-ci ildə Azərbaycanda hər üçüncü yetkinyaşlı şəxs piylənmədən əziyyət çəkəcək. Analitiklər hesab edir ki, bu problemlərə görə Azərbaycan iqtisadiyyatının zərəri $3 milyardı və ÜDM-in 4,4%-ni keçə bilər.
Təşkilatın qiymətləndirmələrinə görə, 2020-ci ildə bu problem ilə mübarizəyə Azərbaycanda səhiyyə sisteminin xərcləri $108 milyon həcmində qiymətləndirilir, 2025-ci ildə $130 milyon, 2030-cu ildə- $165 milyon, 2035-ci ildə-$210 milyon təşkil edəcək. McKinsey Global İnsitutu konsaltantiq kompaniyasının tədqiqatına görə, piylənmə probleminin dünya iqtisadiyyatına vurduğu ziyan, demək olar ki, silahlı münaqişənin vurduğu zərərə bərabərdir.
Son illərdə artıq çəki və piylənmə dünyada kifayət qədər ciddi problemə çevrilməkdə davam edir. Bu, Azərbaycandan da yan ötüşmür və ölkəmizdə 2 milyondan çox insan piylənmədən əziyyət çəkir.
Həddindən artıq çəki sağlamlığa bir çox cəhətdən zərər verir. Şəkərli diabet, ürək xəstəliyi, osteoartrit və bəzi xərçəng növləri kimi xəstəliklərin inkişaf riskini artırır və ömrü azaldır. Piylənmə və piylənmə ilə bağlı xəstəliklərin müalicəsi ildə milyardlarla dollara başa gəlir.
Gələcəkdə artıq çəkidən əziyyət çəkən hər 3 nəfərdən biri olmamaq üçün necə yaşamalı, qidalanmada nələrə diqqət etməliyik?
Orqanik.az xəbər verir ki, publika.az-a danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, Azərbaycanda piylənmədən əziyyət çəkən insanların sayı göstərilən rəqəmlərdən daha artıqdır.
“Bu, qeydiyyatda olan rəqəmlərdir. Piylənmənin əsas səbəblərindən biri insanların gündəlik qəbul etdiyi müasir qidalardır. Qida miqdarını düzgün tənzimləməmək, düzgün saatda qəbul etməmək, hərəkətsizlik və oturaq həyat tərzi də ən başlıca səbəblərdəndir. İnsan orqanizmi gündəlik fərqli maddələr mübadiləsinə malikdir və hər insanın qəbul etdiyi qida eyni miqdarda olsa da, eyni şəkildə həzm olunmur. Xüsusilə də, müasir qidalar deyə adlandırdığımız mənşəyi bəlli olmayan “fast food” qidalar, yüksək karbohidratlı qidalar, ağ un, şəkər və şirniyyatlardır ki, bunlar da zərərli karbohidratlar sırasına daxildir. Həmin qidalar insanda asıllıq yaradır və nə qədər qida qəbul etsə də, onlardan istifadə etdikdə doyma hissi itir. Ona görə də, qidanın miqdarı aşır və orqanizmin qəbul etdiyi şəkər yağlar şəklində orqanizmdə yığılır. Və bu, xüsusən də qaraciyər piylənməsinə səbəb olur”.
M.Hüseynovanın sözlərinə görə, gün ərzində oturaq rejim və insanın fiziki aktivlikdə olmaması insanın bel nayihəsində, xüsusilə də, qarında hərəkətsiz yağların toplanmasına səbəb olur. Bununla belə daxili orqanların funksiyası tamamilə sıradan çıxır.
“Bu gün insanlarda qida rejimi, qidanı qəbul etmə saatları da iş rejimi və dərs rejiminə görə pozulur. Adətən insanlar səhər yeməyi yemədən işə gedirlər. Günün orta saatında isə birdən-birə həddən çox qida qəbul olunur ki, bu zaman da həmin qidalar ağır həzm olunur. Mədəyə düşən qidalar həzm olunmadan bağırsaqlara keçir və həmin qidanın tərkibindəki qida elementlərindən yararlanmadan orqanizmdə şişkinliyə, köpə səbəb olur. Bu səbəbdən də, yaxşı olar ki, səhər bir miqdar yemək qəbul edilsin. Bu yeməyə də daha çox zülal tərkibli süd məhsulları, pendir, yağ, yumurta kimi qidalar daxil edilməlidir”.
“Mütləq şəkildə günlük qidalanmağımızda tərəvəzlərə, lifli qidalara yer vermək lazımdır. Çünki bununla bağırsaqların hərəkətliliyi təmin olunsun və qəbizlik olmasın. Əgər qəbizlik varsa, bağırsaqların hərəkətliliyi azdırsa, bu zaman da artıq çəkinin yığılmasına səbəb olur. Nəticədə piylənmə ilə nəticələnir. Piylənmədən qorunmaq üçün standart qida rejimi mütləqdir. Hər gün eyni saatda qidalanmaq lazımdır. 25 yaşa qədər insanlar gün ərzində 3 dəfə ana yemək yeyirsə, 25 yaşdan yuxarılar isə 2 ana yemək qəbul etməlidirlər. Bu da günün səhər və günorta saatlarında olsa, daha məqsədəuyğundur”.
EV ÜSULU YEMƏKLƏR YEYİN
Mənşəyi bəlli olan ev üsulu yeməklərə daha çox üstünlük verməliyik çünki restoran, yaxud digər ictimai iaşə obyektlərində hazırlanan qidalar var ki, bunlar istər suplar, şorbalar olsun, istərsə də ət və salatlarının yanında qəbul etdiyimiz souzlar olsun, tərkibində şəkər olduğu üçün bunu həddindən artıq qəbul edirik və bu da asılılıq yaratdığından, insanlar təbii qidanın dadını artıq sevməməyə başlayır. Onlar artıq yalnız bu qidaları tələb edir . Bu da kalori qəbuluna səbəb olur.
SU İÇİN
“Mütləq şəkildə gün ərzində su ehtiyatı qəbul etmək zəruridir. Adətən soyuq havalarda temperatur aşağı olduğu üçün insanlar sudan az miqdarda istifadə etməyə başlayır. Belə olan halda da isə orqanizmdə daxili orqanların funksiyasında maddələr mübadiləsi, həzm prossesi düzgün şəkildə getmir. Çünki orqanizmdə qəbul etdiyimiz faydalı elementlər məhz su vasitəsilə parçalanaraq qana keçir, eyni zamanda həmin orqanizmdə də, toksinlər vasitəsilə çölə atılır. Əgər lazımi miqdarda su qəbul olunmasa, bu zaman kökəlmə piylənmə artıq çəki almağa səbəb olur.”
Orqanik.az