Rejimli və rahat yuxuya mane olan səbəblərdən biri də xoruldamaqdır. Bəzən daimi xorultu əksər problemlərin yaranmasında başlıca rol oynayır.
Orqanik.az bildirir ki, həkim-otolarinqoloqu Gülyaz Kazımova AZƏRTAC-a deyib: “Xorultu yuxu zamanı baş verən səs fenomenidir. Tənəffüs yollarından keçən hava burun-udlaq və qırtlaqdan keçərək səs vibrasiyası yaradır. Xorultu əsasən iki qrupa ayrılır: anatomik və fizioloji. Anatomik olaraq burun-boğaz orqanlarında hər hansı anadangəlmə problemlər- çəpər əyriliyi və burun boşluğunda poliplərin olması zamanı baş verə bilər. Fizioloji səbəblərə artıq çəkidən əziyyət çəkmək, uzun müddət siqaret və spirtli içkidən istifadə etmək və yuxu dərmanlarının qəbulu səbəb ola bilər”.
Yuxu zamanı nəfəs alarkən döş qəfəsində mənfi təzyiq yaranır. Həmin təzyiqlə hava ağciyərlərə keçir, nəticədə tənəffüs yolları qapanır və xəstədə apno yaranır. Apnoye sindromu tənəffüs yollarının daralması ilə əlaqədar yaranan problemdir. Sindromun ağır formasında beyin orqanizmi vəziyyətdən çıxara bilmədikdə ölümlə nəticələnə bilər.
Həkim-otolarinqoloq deyib: “Xoruldama10-20 saniyəlik tənəffüs dayanmasıdır. Həmin proses baş verərkən beyin yollarına qıcıqlanma reaksiyası ötürülür və yuxu zamanı ayılma baş verir. Bu, infarkta, insulta və işemik xəstəliklərə aparıb çıxarır. Yuxu zamanı 500-dən artıq apno əlamətinin baş verməsi ciddi problemlərin yaşanması ilə nəticələnə bilər”.
Mütəxəssislər yuxu dərmanından istifadəni minimuma endirməyi və məcburiyyət olmadan qəbul etməməyi məsləhət görürlər.
Orqanik.az