Ən geniş yayılan viruslardan biri də herpesdir. “Herpes” yunan dilindən tərcümədə sürünən mənasını verir. Hüceyrədaxili virus dəridə sinir uclarında oturur və aylarla gizli qalır. İmmun sistemi zəiflədiyi vaxtlarda aktivləşərək özünü büruzə verir. İnsan və heyvan orqanizmi üçün 90-dan artıq patogen növə malikdir.
Orqanik.az xəbər verir ki, həkim-dermatoloq Sevinc Kərimova bildirib ki, sinir hüceyrələrində yerləşən herpesin 8 tipi var və onlardan üçünə daha çox rast gəlinir: “Əhali arasında uçuq adlandırılan herpesin bir növü əsasən dodaqlarda, burun qanadlarında, üzün yanaq nahiyəsində daha çox rast gəlinir. Herpesin nisbətən geniş yayılan daha bir növü uşaqlarda özünü suçiçəyi, böyüklərdə kəmərləyici dəmrov şəklində büruzə verir”.
Bəzi insanlarda ildə iki-üç dəfə, bəzilərində isə həyatı boyu bir dəfə uçuq çıxır. İnkubasiya dövrü 7-10 gün davam edir. Hava-damcı yolu və təmasla keçən virus əhval-ruhiyyənin pisləşməsi, iştahasızlıq, bədən hərarətinin yüksəlməsi və əzginliklə müşahidə olunur. Həkim-dermatoloqun dediyinə görə, aparılan müalicələr virusların yox edilməsinə deyil, qabaqlayıcı, ya da xəstəliyin təsirini azaltmaq məqsədi daşıyır: “İmmun sistemini gücləndirmək, qida rasionunu tənzimləmək onun profilaktikasında əsas vasitə sayılır. Əsasən meyvə-tərəvəz, minerallarla zəngin qidalar qəbul etmək lazımdır. Bundan başqa virus əleyhinə preparatlardan da istifadə olunur. Antiviral preparatların heç biri dəriyə yoluxan herpesi məhv etməyə tam təminat vermir. Lakin ilkin yoluxma zamanı herpesin kəskin vaxtı düzgün müalicə aparılanda müəyyən qədər həmin virusdan azad olmaq mümkündür”.
Bir dəfə herpesə yoluxması onun ömürlük orqanizmdə qalması üçün kifayətdir. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən dünyada 3,7 milyard insanda herpes virusu var.
Orqanik.az