İnsan qidalanmasında heç bir dəyişiklik etmədən kəskin arıqlayırsa bu təhlükəli simptom sayılır.
Bir çox hallarda belə arıqlamanın səbəbi kimi xərçəng düşünülür. Lakin onkoloji xəstəliklərdən əlavə bəzi digər xəstəliklər də kəskin arıqlamağa səbəb ola bilər.
Bu xəstəliklər arasında:
– Hipertireoz
Orqanik.az bildirir ki, hipertireoz zamanı qalxanvari vəzi daha çox hormonlar ifraz etməyə başlayır. Bu hormonlar mübadilə proseslərini kəskin sürətləndirir ki, insan çox yeyir, lakin arıqlayır. Arıqlamadan əlavə bu pozulma zamanı insanda bu kimi simptomlar meydana gəlir: nəbzin artması, yuxusuzluq, əsəbilik, istiyə dözümsüzlük və s.
– Şəkərli diabet
Şəkərli diabet zamanı qlükozanın orqanizm tərəfindən istifadəsi prosesi pozulur. Əsas enerji mənbəyi olan qlükoza hüceyrələrə daxil ola bilmir və orqanizm ona lazım olan enerjini almaq üçün piy və əzələ toxumasını “yandırmağa” başlayır. Nəticədə insan kəskin arıqlayır.
– Bağırsaq xəstəlikləri (Kron xəstəliyi, xoralı kolit)
Bu xəstəliklər zamanı ağır ishal inkişaf edir və xəstə tez arıqlayır. Nəcisdə qan izləri olur.
– Pankreatit
Mədəaltı vəzinin iltihabı olan pankreatit zamanı mədəaltı vəzi qidanı həzm etmək üçün kifayət qədər enzimlər ifraz etmir, qida yaxşı mənimsənilmir və insan arıqlamağa başlayır.
– Depressiya
Depressiyanın görünən simptomlarından biri bədən çəkisinin kəskin azalmasıdır. Depressiya zamanı insanın həyata olan marağı azalır, iştahası pozulur.
– Vərəm
Vərəm xəstəliyinin də ilk simptomu kəskin arıqlamadır.
Orqanik.az