Kilkə balığı həm böyüməkdə olan uşaqlar, həm hamilə qadınlar, həm süd verən analar, həm də yaşlılar üçün olduqca faydalı bir nemətdir.
Həkim-fitoterapevt Fizuli Hüseynov qeyd edib ki, bu balıqlar fosfor mənbəyidir. Belə ki, kilkə balığında başqa balıqlarda olduğundan qat-qat çox fosfor vardır (hər 100 qramında təxminən 300 mq), bu isə bizim gündəlik normadan 3 dəfə çoxdur. Fosfor hamilə qadınlarda körpənin beyin inkişafı üçün əvəzolunmaz nemət olmaqla yanaşı, böyüməkdə olan orqanizmə kalsiumdan sonra ikinci lazım olan mineraldır.
Fosfor beyini inkişaf etdirir və bizim hər bir toxumamızda rast gəlinən bir mineraldır. Təxminən 100 kiloqramlıq insanda 1 kq fosfor olur. Bunun da 80 faizi sümüklərdə və dişlərdə olur, fosfor həm zülal, həm də karbohidratın əmələ gəlməsində aktiv rol oynayır.
Orqanizmində fosfor çatışmayan uşaqlarda sümük əyilməsi, arıqlama, gözlərdə zəifləmə və s. kimi hallar baş verir. Nəzərə almaq lazımdır ki, fosforun çoxluğu da bir problemdir:
“Hər gün kilkə balığı yesək də, bədəndə fosfor artıqlığı olmaz, lakin dərman içsək belə bir problem olacaq. Ona görə də təbii şəkildə qidalanmaq lazımdır”.
Bundan başqa balıqda hər 100 qramda kalsium 300 mq (gündəlik norma 1200), maqnezium 45 (gündəlik norma 280) kimi minerallar da vardır. Həftədə 2-3 dəfə balıq yemək çox faydalıdır. Balıqdakı Omeqa-3 yağ turşuları insan beyninin normal fəaliyyətində xüsusi rola malikdir.
Orqanik.az