Günvurma – günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir.
Orqanik.az bildirir ki, günvurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət ərzində gün altında qaldıqda baş verir.
Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma, temperaturun 400C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edlir.
Ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir.
Günvurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).
Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoyun. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsul – paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.
Xəstənin vəziyyəti ağırlaşarsa dərhal “təcli yardım” çağırın!
Huşunu itirdiyi halda zərərçəkənə naşatır spiriti iylətmək, tənəffüs olmadıqda isə sünü tənəffüs vermək tələb olunur.
İstivurma uzun müddət ərzində havası boğanaq olan otaqda (hamamda, saunada, avtobusda, metroda), qalması zamanı, çölə çıxarkən havaya uyğun olmayaraq çox isti geyindiyi hallarda, çimərlikdə voleybol, futbol və s. oyunlar oynadığı zaman baş verir. Uşaqların və yaşlı adamların orqanizmində istilik mübadiləsi zəif şəkildə tənzimləndiyi üçün isti vurma onlarda daha tez-tez baş verir.
İstivurma bir çox hallarda qəflətən meydana çıxır: ilk baxışda kifayət qədər sağlam görünən insan birdən birə əzgin olur, onun temperaturu 400 C və daha atıq dərəcəyə yüksəlir, bəzi hallarda qıcolmalar, sayıqlama və hallusinasiyalar (qarabasmalar) qeyd edilir. Xəstənin sifəti əvvəlcə qızarır, sonra isə birdən birə avazıyır. Nəbz sürətlənir, çətinliklə əllənir; tənəffüs səthi olur, bəzən qusma da qeyd edilir.
İstivurma zamanı ilk tibbi yardım günvurmada olduğu kimidir. Zərərçəkənin vəziyyəti ağırlaşarsa dərhal “təcli yardım” çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın.
Diqqət! Çimərlikdə olduğu zaman heç bir halda spirtli içkiləri qəbul etməyin! Alkoqol orqanizmdə termorequlyasiyanı (istiliyin tənzimi) kəskin şəkildə pozduğu üçün bu istivurmanın səbəbi ola bilər.
Orqanik.az