“Gözəllik inyeksiyaları” (botoks və s.) köməyilə alında və qaşların arasındakı mimiki qırışları, burun-ağız ətrafındakı və gözlərin yanındakı qırışları aradan qaldırmaq olar.
Mimiki qırışlar ona görə əmələ gəlir ki, üzümüz daima “hərəkət edir” – biz gözümüzü qıyırıq, gülürük, gülümsəyirik və s. Metodun mənası ondan ibarətdir ki, dəri altına bəzi üz əzələlərini hərəkətsiz edən xüsusi preparatlar yeridilir. Nəticədə dəri hamarlaşır. Qırışlar dərhal deyil, bir neçə gün ərzində yox olur. Preparatın təsiri 5-6 ay davam edir. Preparatlar mimiki qırışlara nazik iynələrlə yeridilir. Hər bir sahəyə 10-15 iynə vurmaq lazımdır. İşlənəcək sahəni ağrısızlaşdırmaq üçün onun üzərinə əvvəlcə ya sərinləşdirici paket qoyulur və ya keyləşdirici krem vurulur.
“Gözəllik inyeksiyalarını” plastik cərrah və ya artıq bu sahədə xeyli təcrübəsi olan həkim-kosmetoloq etməlidir. Qeyri-professionalların əlində bu inyeksiyalar təhlükəlidir, belə ki, texniki cəhətdən düzgün yerinə yetirilməyən inyeksiya nəticəsində üzün əyilməsi, göz qapaqlarının sallanması baş verə bilər.
Proseduradan dərhal sonra işlərinizlə məşğul ola bilərsiniz. Proseduradan sonra 4 saat ərzində uzanmaq olmaz. 3 gün ərzində günəş vannası və antibiotik də qəbul etmək olmaz.
“Gözəllik inyeksiyalarından” sonra üz dərisinə qulluq edilməsi adi yolla aparıla bilər. Bu zaman yalnız üzün masajı zamanı tərpənməz əzələlər sahəsinə təzyiq etmək olmaz. Əgər effekti uzun müddət saxlamaq istəyirsinizsə, onda istənilən qızdırıcı proseduradan – hamam, sauna, üzün buxara verilməsi və s. imtina edin. Bunlar qan dövranını gücləndirdiyi üçün, nəticədə preparatın daha tez sorularaq orqanizmdən xaric olmasına səbəb olur.
Sonralar isə, botoks və ya digər preparat orqanizmdən xaric olduqca mimika da qayıdacaqdır. Amma botoks təsiri zamanı insan gözlərini qıymağı, üzünü turşutmağı tərgitmiş olur ki, bu da üz dərisinin vəziyyətinə müsbət təsir edəcəkdir. Yarım il və ya 8 aydan sonra “gözəllik inyeksiyaları” prosedurasını təkrar etmək olar
İnyeksiyanı yüksək hərarət olduqda, kəskin iltihabı proseslərdə, əzələ distoniyasında, hamiləlik zamanı, allergiyalı insanlara, həmçinin əvvəllər botulizm xəstəliyinə tutulmuş adamlara etmək olmaz.
Mimiki qırışlarla mübarizə aparan preparatlardan başqa, hal-hazırda üz dairəsini bərpa edən, dərinin elastikliyi və həcmini qaytaran, təkcə mimiki deyil, qocalıq qırışlarını da aradan qaldıran preparatlar hazırlanmışdır. Bu preparatları dəri “doldurucuları” adlandırırlar. Doldurucu qismində kollagen, gialuron turşusu əsasında hazırlanmış preparatlardan, insanın öz piyi istifadə oluna bilər.
Orqanik.az