Bir çox hallarda qadınlar gözlərinin altında tünd kölgələrin (“göyərmələrin”) olmasından şikayət edirlər.
Onların səbəbi irsiyyət, yaş, gözlərin xronoki yorğunluğu (məsələn, kompüterdə üzun müddət ərzində işlədikdə), streslər, siqaret çəkilməsi, vitamin çatışmazlıqları, allergiya kimi faktorlar ola bilər. Bəzi insanlarda isə, düzgün həyat tərzi sürmələrinə baxmayaraq, gözlərinin altında tez-tez tünd kölgələr əmələ gələ bilər. Bu halda mütləq həkimə müraciət etmək tövsiyə olunur. Bu əlamət hər hansı bir daxili orqanın xəstəliyinin əlaməti də ola bilər.
Gözlərinizin altında “göyərmələrin” olmasına meyllilik olarsa, yatmamışdan qabaq çox maye qəbul etməyin. Sürtgəcdən keçirilmiş kartof maskası, xiyar şirəsindən hazırlanan maskalardan, kosmetik buzdan istifadə etməklə bu göyərmələri aradan qaldırmağa cəhd etmək olar. Bu məqsədlə yaşıl çaydan da istifadə etmək olar. Pambıq diski bu çay dəmində isladaraq 10-15 dəqiqə müddətinə gözlərinizin üzərinə qoyub uzanın. Çay dəmləməsi çox isti olmamalıdır.
Gözətrafı sahələrin problemlərindən biri də şişkinlikdir. Buna meyllilik olduqda duzlu qidalardan və müxtəlif turşulardan imtina etmək, yatmamışdan qabaq çoxlu maye qəbul etməmək, gün ərzində dəriyə qulluq üçün sürtülən vasitələri (kremlər və s.) axşam yatmamışdan qabaq mütləq silmək tövsiyə olunur. Gözətrafı sahələrin şişkinliyinin səbəbi müxtəlif ürək, böyrək və digər daxili orqanların xəstəlikləri də ola bilər. Ona görə də gözətrafı sahələrdə tez-tez şişkinliklər yarandıqda həkimə müraciət edilməsi də vacib hesab edilir.
Gözətrafı sahələrdə şişkinlik olduqda “təcili yardım” üsulu kimi, çiy kartof və ya xiyardan hazırlanmış maskadan (yuxarıdakı qeydləri oxu) istifadə etmək olar. Maska hazırlamağa vaxtınız olmasa, sadəcə olaraq, təmizlənmiş çiy kartof və ya xiyar dilimini 20 dəqiqə müddətinə gözlərinizin üzərinə qoya bilərsiniz. Bu məqsədlə çobanyastığı, cökə ağacı çiçəyi, çöl qatırquyruğu bitkisindən hazırlanmış dəmləmələrlə edilən kompreslər də yaxşı kömək edir. İstənilən bitkilərin birindən 1 xörək qaşığı götürərək üzərinə 1 stəkan qaynar su tökün. 10-15 dəqiqə ərzində ağzı qapalı şəkildə saxladıqdan sonra bu dəmləmə ilə isladılmış pambıq diskini 15 dəqiqə müddətinə gözlərinizin üzərinə qoyun.
Orqanik.az