Tərkibində çoxlu minerallar olan, antioksidant və zülalla zəngin olan göbələk ən dadlı reseptlərdə istifadə olunur. Qida dəyəri yüksək olan göbələklər müxtəlif növlərə malikdir. Bu növlərin bəziləri qida üçün uyğun olsa da, bəziləri zəhərli olduğu üçün istifadə edilməməlidir. Soyuducuda saxlanılan göbələk bir neçə gün ərzində istifadə edilmədikdə kiçilməyə başlayır. Beləliklə, xarab olmasının ilk əlamətlərini verir. Bəs göbələklərin xarab olduğunu necə müəyyən etmək olar? Evdar.az xarab göbələyi müəyyən etməyin üsullarını təqdim edir.
İÇİNDƏKİLƏR
Büzüşmüş və qurumuş göbələk
Əvvəlcə göbələyin xarab olduğunu göstərən ilk əlamət büzüşməsi və qurumasıdır. Gövdəsi və qapağı büzüşmüş göbələkləri istifadə etmək məsləhət deyil. Göbələk canlıdırsa hələ də xarab olmayıb.
Göbələyin rəngi
Göbələyin rəngi onun xarab olub-olmadığını göstərən ən mühüm əlamətlərindən biridir. Göbələyin rəngini dəyişməyə başlaması və üzərində çürük, qara və qəhvəyi ləkələrin olması onun xarab olduğunu göstərir. Xüsusən də göbələyin qapağında qaralma baş veribsə, deməli, xarab olmağa başlayıb.
Göbələyin toxuması
Göbələyin toxuması seliklənməyə başlayıbsa, onu qətiyyən istifadə etmək olmaz. Yapışqan, selikli örtük göbələyin öz dadını və qida dəyərini itirdiyini göstərir. Buna görə də istifadə edilməsi təhlükəlidir.
Göbələyin qoxusu
Təzə göbələklərin torpaq və bir qədər şirin qoxusu var. Əgər göbələyin balıq kimi kəskin və ya turş qoxusu varsa, onun xarab olduğunu asanlıqla tanımaq olar. Bəzi göbələk növləri xarab olduqdan sonra ammonyak iyini verməyə başlayır.
Göbələk neçə gündə xarab olur?
- Bütöv və təzə alınmış göbələklər soyuducuda saxlanılır. Marketdə və ya bazarda keçirdiyi vaxt dəqiq bilinmədiyi üçün 1-2 gün ərzində pisləşmə başlaya bilər. Əgər göbələyin təzə olduğuna əminsinizsə, 3-4 gün ərzində istifadə edin.
- Dilimlənmiş göbələklərin xarab olma müddəti digərlərinə nisbətən daha qısadır. Dilimlənmiş göbələklər 1-2 gün ərzində istifadə edilməlidir.
- Bişmiş göbələklər 3 gün soyuducuda qapalı şəkildə saxlanıla bilər. 2 gün ərzində bişmiş göbələklərdən istifadə etməyə diqqət edin. Qida qaynaqlı xəstəliklərin qarşısını almaq üçün bişmiş göbələyi 74 dərəcə istilikdə təkrar bişirmək olar. Lakin ikinci dəfə bişmiş göbələyi yenidən soyuducuya qoymayın.
- Dondurulmuş göbələklər soyuducuda və ya dondurucuda 8 aydan 12 aya qədər saxlanıla bilər. Bu prosesdə göbələyin hava keçirməyən torbalarda olduğundan əmin olun.
Vacib qeyd:
Xarab olmuş göbələklərin istifadəsi qida zəhərlənməsinə səbəb ola bilər. Göbələkdə xarab olma əlamətləri varsa və ya onun xarab olduğundan şübhələnirsinizsə, onu istifadə etməyin və sağlamlığınızı riskə atmayın.
Göbələkdən hazırlanan ən dadlı reseptlər üçün buraya daxil ola bilərsiniz.