Uşaqlar cizgi filmlərinə baxarkən valideynlər diqqətli olmalıdır. Onların bir sıra qaydaları bilməsi vacibdir, çünki bunlara əməl olunmazsa, bu, uşağa mənfi təsir göstərəcək.
Orqanik.az xəbər verir ki, bu sözləri “Lenta.ru”ya müsahibəsində Moskvanın baş pediatrı İsmayıl Osmanov deyib.
Cizgi film necə seçilməlidir?
Ekspertin fikrincə, əsas qayda odur ki, uşaqlar cizgi filmlərinə valideynlərin nəzarəti altında baxmalıdır.
“Uşaq üçün cizgi filmini işə salmazdan əvvəl valideynlər süjetlə tanış olmalıdırlar. Xaotik süjetli qorxu və cizgi filmlərinə qadağa qoyulmalıdır. Otağın normal işıqlandırmasına da diqqət etməyə dəyər: nə çox işıqlı, nə də çox qaranlıq olmalıdır. Bundan əlavə, valideynlər uşaqlara icazə verməməlidir ki, televizora yaxından baxsınlar. Uşağın gözündən televizor ekranına qədər olan məsafə 3 metrdən, planşetdə baxdıqda isə ən azı 40 santimetr olmalıdır. Oturacaq rahat olmalıdır. Uzanmış və narahat mövqelərdə əyilmiş halda baxmaq tövsiyə edilmir. Cizgi filmlərinə baxarkən uşaq yemək yeməməlidir. Körpə uzun bir filmə baxırsa, onunla birlikdə fiziki məşqlər və ya göz gimnastikası etmək lazımdır”, – ekspert qeyd edib.
Əks göstərişlər
İki yaşından kiçik, stress nəticəsində sinir sistemi pozğunluğu olan, neyropsik inkişaf pozğunluğu olan, həssas, həmçinin yenicə göz əməliyyatı keçirmiş və ya ciddi göz xəstəlikləri olan uşaqlara cizgi filmlərinə baxmaq olmaz.
Müvəqqəti məhdudiyyətlər
Həkimin sözlərinə görə, uşaqlar üçün televizora baxmağın təşkili ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələbləri var ki, bu da körpələr və uşaqların erkən yaşlarda ekrana baxmasını qadağan edir. 3 yaşdan 7 yaşa qədər uşaqlara gündə 30 dəqiqəyə qədər cizgi filmlərinə vaxt ayırmaq tövsiyə olunur. 7 yaşdan 10 yaşa qədər – 30-50 dəqiqə. 11 yaşdan 18 yaşa qədər gündə 1-3 saat icazə verilir.
Məhdudiyyətlərə əməl etmək nə üçün vacibdir?
Osmanov qeyd edib ki, məktəbəqədər yaş kateqoriyasında olan uşaqlara üç saat ərzində cizgi filmlərinə baxmaq imkanı verən beynəlxalq tibbi araşdırma var. Tədqiqatçılar cizgi filmlərinə baxmaq nəticəsində davranışın necə dəyişdiyini müşahidə ediblər. Uşaqların çoxu bir dəfə də olsun otaqdan çıxmayıb, diqqəti yayınmayıb və ətrafda baş verənlərə maraq göstərməyib.
“Üç saatdan sonra uşaqların davranışında bir nümunə ortaya çıxıb – uşaq özünü cizgi filmi qəhrəmanı kimi aparmağa başlayıb, qışqırıb və ya ağlayıb. Özünü cizgi filmi personajı kimi təsəvvür edən uşaqda narahatlıq və gərginlik əlamətləri qeydə alınıb. Uşaq hesab edib ki, davranışı düzgündü və belə də olmalıdır. O, reallıqla uydurma arasındakı sərhədi görə bilməyib. Beləliklə, eksperiment göstərib ki, cizgi filmlərin uzunmüddətli təsirinə məruz qalan uşaqlar cizgi filmi personajlarına bənzər davranışları, aqressiya və kobudluq nümayiş etdirməyə çalışırlar. Uzun müddət baxma nəticəsində uşaq sosial qarşılıqlı əlaqəni itirir, onun diqqəti yalnız cizgi filminə yönəlir.
Bu, ciddi bir asılılığa çevrilir, cizgi filmlərinin mənfi emosional və fiziki təsirinin əlamətləri açıq şəkildə özünü göstərir. Yaddaş və diqqətin pozulması, zehni fəaliyyətə marağın azalması, aktivliyin əhəmiyyətli dərəcədə artması, qorxu, aqressivlik, kobud sözlər, dəyərlərin təhrif edilməsi və s. müşahidə olunur. Amma ən əsası odur ki, uşağın ehtiyacı olan canlı ünsiyyəti heç bir cizgi filmi əvəz edə bilməz”, – pediatr bildirib. (publika.az)
Orqanik.az