Son illər Azərbaycanda əyləncə məkanlarının, habelə pub barların sayı artıb. Gənclər işdən sonra və ya özəl günlərdə bu məkanlara üz tuturlar. Xüsusən pandemiya dönəmindən sonra stresdən əziyyət çəkən gənclər spirtli içkini xilas yolu kimi görürlər. Bəzən işsizlik, bəzənsə xoşagəlməz çevrə gəncləri içki girdabında boğur. Nəticə…?
Ötən il 14-29 yaşda gənclərin hər 100 000 nəfərindən 1-nə alkoqolizm diaqnozu, 62 nəfərinə isə narkomaniya və ya toksikomaniya diaqnozu qoyulub.
Orqanik.az musavat.com-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il həyatında ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan 14-29 yaşda xəstələrin sayı 529 min nəfər və ya əhalinin hər 10 000 nəfərinə hesabı ilə 2325 nəfər olub, dispanser qeydiyyatında olan xəstələrin sayı isə əhalinin hər 10 000 nəfərinə hesabı ilə 1229,1 nəfər təşkil edib.
Ümumi xəstələnənlər arasında gənclərin xüsusi çəkisi az olsa da, bu problem ölkəmizdə hələ də mövcuddur. Belə ki, 2021-ci ildə 14-29 yaşda gənclərin 843 nəfərində aktiv vərəm, 274 nəfərində isə bədxassəli şiş xəstəliyi aşkar edilib və bu yaşda olan əhalinin hər 100 000 nəfərinə müvafiq olaraq 37 və 12 nəfər xəstə düşüb.
“Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da spirtli içkilərin istifadəsi qadağan olunmayıb. Bu səbəbdən məişət sərxoşluğu ilə alkoqol asılılığının başlanğıc mərhələsi arasındakı fərqi yalnız mütəxəssislər qiymətləndirə bilər”.
Spirtli içki qəbul edən şəxs xəstəxanaya düşdü
Bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov daha öncə mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, alkoqol birinci növbədə psixoaktiv maddə olaraq mərkəzi sinir sisteminə təsir göstərir və davamlı istifadə olunduğu halda ilk olaraq baş beyində bərpaolunmaz üzvi dəyişikliklərə səbəb olur: “Alkoqol asılılığı son nəticədə yaddaş pozulmasına (psixoorqanik sindrom) və digər əqli problemlərə gətirib çıxara bilər. Daha ağır hallarda beyində atrofik proseslərin yaranmasına, həmçinin periferik sinir sisteminin xəstəliklərinə (nevrit, polinevrit, neyropatiya) səbəb ola bilər. Daha ağır hallarda baş beyində atrofik gətirib çıxara bilər. Periferik sinir sistemi tərəfindən polinevritlər qeyd olunur. Ümumiyyətlə orqanizmin bütün orqan və sisitemləri zərər çəkir: ürək damar sistemi (alkoqol miokardiodistrofiya), qaraciyər (qaraciyər serrozu), böyrəklər (xroniki böyrək çatışmazlığı).
Ümumiyyətlə, araşdırmalar göstərir ki, alkoqol asılılığının bir xəstəlik kimi formalaşmasına bir neçə il mütəmadi olaraq alkoqol qəbulu (məişət sərxoşluğu) səbəb olur.
Gənclər arasında alkoqol asılılığının formalaşmasına nadir hallarda təsadüf edilir. Əksər hallarda bu xəstəlikdən əziyyət çəkənlər orta yaş qrupunun nümayəndələridir. Lakin son zamanlar gənclər arasında energetik spirtli içkilərin istifadəsinə tez-tez rast gəlinir. Bu növ içkilərin mütəmadi istifadə edilməsi adi spirtli içkilərlə müqayisədə daha tez asılılıq yaradır və daha ağır fəsadlar verir. Yeniyetmələrdə spirtli energetik içkilərin çox miqdarda və mütəmadi qəbulu zamanı psixi pozuntuların yaranmasına gətirib çıxaran hallara da tez-tez rast gəlmək mümkündür.
Bundan başqa, araşdırmalar sübut edib ki, alkoqolun insanın psixikasına təsirinin ən ağır fəsadlarından biri də şəxsiyyətin spesifik alkoqol deqradasiyasına uğramasıdır. Alkoqolun insan psixikasına bu təsiri başqa psixoaktiv maddələrdən fərqli olaraq daha tez inkişaf edir və şəxsiyyətin daha dərin pozuntularına səbəb olur. Xəstədə öz vəziyyətinə, ətrafında yaranmış situasiyaya tənqidi münasibəti zəifləyir. Müalicə və reabilitasiya prosesində xəstənin fəal iştirakı tələb olunur. Bunun üçün ilk növbədə pasiyent öz asılılığını etiraf etməlidir. Bu halda o, alkoqol asılılığından azad ola bilər.
Asılılıqdan qurtulmaq üçün nə etməli?
Bəs alkoqol asılılığından xilas olmaq üçün nələr edilməlidir? Həkimlər qeyd edir ki, formalaşmış asılılıqdan azad olmaq üçün ən əsas pasiyentin özünün təşəbbüsü və asılılıqdan azad olunmaqda qərarlılığıdır. Ailənin, yaxınlarının bu zaman onun yanında olub ona dəstək verməsi vacib bir şərtdir. Belə ki, ailənin dəstəyi olmasa, bu pasiyentlər müalicədən əvvəl onsuz da itirdikləri mövqelərinin bərpasına olan ümidlərini itirəcəklər.
Çox vaxt həkimlər xəstənin yaxınları tərəfindən onun vəziyyətini düzgün qiymətləndirilməməsinin şahidi olurlar. Belə ki, onlar xəstəliyi “pis vərdiş” kimi qəbul edirlər. Xəstəni içki aludəçisi olduğu üçün günahlandırırlar. Ekspertlər hesab edir ki, bu, doğru yanaşma sayılmır. Xəstənin müalicə həkimi birinci növbədə ailə üzvlərini və yaxınlarını bu asılılığın xəstəlik olduğu barədə məlumatlandırmalıdır. Xəstə müalicə və reabilitasiya prosesindən sonra ayıq həyat tərzinə qayıtdıqda yaxınları tərəfindən ona şübhə ilə yanaşmaq, daimi nəzarət və tənbeh etmək cəhdləri xəstədə etiraz yarada bilər. Bu onun spirtli içki istifadəsinə yenidən başlamasına təkan ola bilər.
Psixoloqlar isə hesab edir ki, alkoqolun psixi cəhətdən açdığı problemlər çoxluq təşkil edir. Bunun üçün ilk maarifləndirməni gənclərin və yeniyetmələrin ailələrindən, valideynlərindən başlamaq lazımdır. Çünki bəzən valideynlər bu vərdişin onların övladını uçuruma aparacağını bilmir. Alkoqoldan asılılıq gənclərdə həmçinin yaddaş pozğunluğu və mənəvi böhran yaradır. Bu halda onun müalicəsi də çətinliklərlə müşayiət olunur.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) alkoqol istifadəsi ilə bağlı OECD də daxil, Avropa Birliyi və G20 ölkələrindən ibarət toplam 52 ölkəni əhatə edən araşdırma aparıb. Araşdırmanın nəticələri dünyada normadan çox alkoqol istifadəsinin gələcək fəsadlarına diqqət çəkib. Qeyd edilir ki, qarşıdakı 30 il içində təxminən 1 milyon 100 min insan normadan artıq alkoqol qəbul etməsi ucbatından ölə bilər. Belə aşırı istifadənin həmin ölkələrdə gözlənilən orta ömür uzunluğunu təxminən 1 ilədək azaldacağı düşünülür. Almaniya və Avstriya kimi ölkələrdə bu rəqəm hətta ilyarıma bərabərdir.
Bunları nəzərə alan qurum ölkələrə normadan artıq alkoqol istifadəsinin törədəcəyi fəsadlara qarşı siyasət mexanizmləri formalaşdırmağı tövsiyə edib. Alkoqol ucbatından yaranan xəstəliklərin müalicəsinə xərclənən vəsait toplam səhiyyə xərclərinin 2.4 faizinə yaxındır. Araşdırmada hansı həddə alkoqol istifadəsinin normadan artıq kimi qəbul edildiyi bildirilib. Qadınların gündə 12 qramdan, kişilərinsə 18 qramdan çox istifadə etdiyi saf alkoqol miqdarı normadan artıq sayılır. Qurumun təsnifinə görə, həmin göstəricilər, müvafiq olaraq, 20 və 40 qrama çatdıqda belə şəxslər “içki düşkünü” kateqoriyasına aid edilir.
Orqanik.az