Onurğa fəqərələrdən ibarətdir. Bu fəqərələrin arasında disklər yerləşir.
Disklər amortizasiya funksiyanı yerinə yetirir. Hər disk fibroz halqadan və pulpoz nüvədən ibarətdir. Müxtəlif səbəblərə görə (irsiyyət, travma, ağır fiziki gərginliklər, qamətin pozulması) disk fəqərə cisminin sərhəddindən kənara qabara bilər. Diskin 5-6 mm kimi fəqərələrin arasından qabarması protruziya adlanır. Bu zaman fibroz halqanın tamlığı pozulmur. Protruziya fəqərəarası yırtığının ilkin mərhələsidir.
Protruziyanı əməliyyatsız müalicə etmək mümkündür. Lakin xəstəlik dərinləşərsə, növbəti “ekstruziya” mərhələsinə keçərsə (disk daha çox qabarır, fibroz halqa yırtılır, pulpoz nüvə çölə çıxır) bu halda cərrahi əməliyyatının tətbiqi tələb oluna bilər.
Nevroloq və vertebroloq həkimlərinin fikirinə görə, yırtıqları və protruziyaları 90% hallarda əməliyyatsız müalicə etmək mümkündür. Lakin bunun üçün xəstəliklərin ilkin mərhələlərində mütəxəssislərə müraciət etmək lazımdır.
Bu səbəbdən “protruziya” diaqnozu qoyulduqdan dərhal sonra xəstəliyin müalicəsinə başlamaq lazımdır. Protruziyanın diaqnostikası zamanı rentgenoloji müayinə, KT və ya MRT müayinənələri tətbiq edilir.
Protruziya daha tez-tez onurğanın bel, sonra boyun və nadir hallarda döş hissəsində inkişaf edir. Protruziyanın yerləşməsindən asılı olaraq xəstədə xarakterik ağrılar və müxtəlif pozulmalar meydana çıxır.
Protruziya onurğanın bel hissəsində hətta 18 yaşında inkişaf edə bilər. Simptomları arasında: bel nahiyəsində sızıldayan ağrılar. Ağrılar uzunmüddətli oturma, uzanma, yerimə və ya ayaq üstə dayanma zamanı inkişaf edir. Bəzən ağrılar çox güclü, kəskin, dözülməz olur. Xəstəlik inkişaf etdikcə ayağın arxa hissəsində (sağrıdan pəncəyə kimi) dartıcı ağrılar əmələ gəlir, pəncələr keyiyir, sancma hissi yaranır. Həmçinin xəstəni baş ağrıları da narahat edə bilər. Ağır hallarda yerişin, defekasiyanın pozulmaları, iflic inkişaf edə bilər.
Protruziya onurğanın boyun nahiyəsində inkişaf etdikdə əvvəl boyunda ağrılar əmələ gəlir, xəstə başını çevirə bilmir, bəzən ağrılar çox güclü, kəskin olur. Daha sonra ağrılar qolda hiss olunmağa başlayır, ağrılar dartıcı olur, xəstə qolu ilə çətinliklə hərəkət edir, qolda qarışqa yeriməyi hissi, keyimə yaranır, həssaslıq azalır. Xəstəni baş ağrıları narahat edir, boyun əzələləri zəifləyir.
Protruziya onurğanın döş nahiyəsində nadir hallarda inkişaf edir. Əsas simptom – kürək və ürək nahiyələrində ağrıların olması.
Protruziyanın müalicəsi ixtisaslaşdırılmış klinikada nevroloq, vertebroloq, manual terapevt həkimlərinin iştirakı ilə aparılmalıdır. Müalicə kompleks şəklində aparılır. Müalicə zamanı qeyri-steroidli iltihabəleyhinə, ödem əleyhinə, spazmı aradan qaldıran dərman vasitələri ilə aparılır. Həmçinin fizioterapiya, müalicəvi bədən tərbiyəsi, manual terapiya kimi müalicə üsullarından istifadə olunur.
Orqanik.az