Analıq qadın üçün ən böyük xoşbəxtlikdir. Buna həm də sonsuz qayğılar və xarici görünüşün dəyişməsinə görə narahatlıq dövrü də demək olar. Uşaqlar böyüyür və qayğıları keçmişdə qalır, amma doğuş keçirmiş qadınların 60%-dən çoxunun bədənində əmələ gələn dəri dartılması isə öz-özünə keçmir. Dərinin bu estetik qüsuru striya adlanır. İndi onların öhdəsindən gəlmək üçün çoxlu üsullar var.
Striyaların növü
Striyalar – xəstəlik deyil, dərinin çapıqlı dəyişikliyidir, səbəbi də ayrı-ayrı liflərin mikrotravmasıdır. Bu mikrozədələr insanın fiziki sağlamlıq durumuna təsir etmir. Amma qadınların zahiri görünüşə verdiyi önəmi nəzərə alsaq, əvvəlki estetik görkəmini itirmiş dəriyə görə bəzi qadınların psixi durumu ciddi zədələnir. Təbii ki, psixikası əzəldən sabitliyi ilə seçilməyən qadınlarda. Bu “izlər”, əsasən, qarın, sinə, sağrı və bud nahiyələrində əmələ gəlir, amma qollara da yayıla bilər. Yayda qaralmış dərinin üzərində onlar daha çox nəzərə çarpır, nəinki qışda.
Orqanik.az “Ailə Həkimi”nə istinadən bildirir ki, striyaların görünüşü yaşa görə dəyişir. Təzə ləkələr (ilk 6-12 ay) ölçüsündən asılı olaraq, çəhrayı, bənövşəyi, qırmızı rəngdə olur, çünki çapıqlanmanın ilkin mərhələsində birləşdirici toxuma qan damarları ilə zəngindir. Demək, çapıq nə qədər böyükdürsə, o qədər tünddür. Müəyyən müddətdən sonra birləşdirici toxumanın daxilindəki kapilyarlar boşalır, çapıqların rəngi solur, sədəfi çalar alır, çünki fibroz toxumada piqment hüceyrələri yoxdur. Bu görkəmdə striyalar həmişəlik qala bilər. Təzə striyalar müalicəyə daha yaxşı cavab verir. Köhnə striyaları tam ləğv etmək çətindir, amma zədələnmiş sahələrdə dəri örtüklərinin vəziyyətini yaxşılaşdırmaq mümkündür.
Striyalar dərinliyinə və uzunluğuna görə də fərqlənir, yəni sapvari və qısa ya da, əksinə, uzun və dərin olur. Yaranma səbəblərindən asılı olaraq, striyalar uzununa və köndələn olur (endokrin pozuntular zamanı).
Striyaların yaranma səbəbləri
İnsan dərisi yüksək elastikliyə malikdir. O, heç bir fəsad törətmədən dartılır və əvvəlki vəziyyətinə qayıdır. Striyaların əmələ gəlməsi dəri örtüklərinin elastikliyini itirməsindən xəbər verir.
Dəri artılması kollagen və elastik liflərin qırılmasının nəticəsidir və dəri örtüklərinin həddən artıq dartılması, liflərin uzanması və nazilməsi səbəbindən yaranır. Dərinin həddən artıq dartılması hamiləlik dövründə baş verən anatomik dəyişikliklərin təsirindən baş verir (birinci üçaylıqdan (trimestrdən) sonra dölün böyüməsi uşaqlığın da böyüməsinə və qarın dərisinin dartılmasına səbəb olur, doğuşdan sonra süd vəzilərinə südün gəlməsi isə sinə dərisini dartır).
Dərinin dartılması, həmçinin bədən çəkisinin kəskin dəyişməsi, cinsi yetkinlik dövründə aktiv boy artımı və ya həddini aşan fiziki yükün (ağırlıq qaldırma) nəticəsində baş verir. Epidermisin daxili qatında əmələ gələn yırtıqlar tezliklə çapıqlanır. Bu cür dərialtı çapıqlar anomal toxumadan ibarətdir. Həmin atrofik çapıqlar nazilmiş epidermisdən görünərək xarici görünüşü pozur.
Dartılmanın səbəbi təkcə mexaniki gərilmə deyil. Dəri örtüklərinin elastikliyinə təsir edən, həm də hormonal fondur. Daha doğrusu, dərinin elastikliyinə (elastin) və sıxlığına (kollagen) cavabdeh olan zülalların sintezinin pozulmasıdır. Qanda cinsi hormonların qatılığı dəyişəndə dəri öz təbii xüsusiyyətlərini itirir – estrogen, prohesteron və kortizolun hipersekresiyası səbəbindən.
Hormonal disbalans hamiləlik və pubertat dövrlərdə, endokrin patologiyalar zamanı, uzun müddət hormonal preparatlar qəbul edildikdə baş verir.
Dərinin elastikliyi bir çox hallarda qulluqdan, qida tərzindən, vitamin çatışmazlığından, yaşdan, zərərli vərdişlərdən, hərəkətlilikdən, əzələ korsetinin vəziyyətindən asılıdır.
Dəri dartılmasının yəqinliklə yaranmayacağı ən etibarlı amil irsiyyətdir. Nəsildəki yaşlı qadınlarda bu qüsur olmayıbsa, gənc davamçılarda da yaranma ehtimalı son dərəcə azdır.
Dəri dartılmasının profilaktikası mübarizə üsulu kimi
Bütün kosmetoloji qüsurlar kimi, dəri dartılmasının profilaktikası da qabaqcadan aparılmalıdır. Bu, striyalarla ən səmərəli mübarizə üsuludur, çünki birləşdirici liflərin qorunulması və elastikliyinin artırılmasına yönəlib.
Preventiv tədbirlərə aid olan, ilk növbədə, hamiləlikdən xeyli əvvəl fiziki məşq etməkdir. İdman məşqləri əzələləri tonusda saxlayır, bədən çəkisini normallaşdırır və müəyyən səviyyədə saxlayır.
Qidalanmaya xüsusi diqqət yetirilməlidir. Qida rasionu çeşidli və qidalı olmalıdır, yəni orqanizmin tamdəyərli fəaliyyəti üçün zəruri olan bütün vitaminlər və mikroelementlər təmsil olunmalıdır.
Dartılmaların profilaktikası üsulları arasında yaxşı istirahət və düzgün seçilmiş alt paltarı da yer tutur. Hamiləlik vaxtı süd vəziləri getdikcə ağırlaşır, odur ki, büstqalterin çiyinliyi enli olmalıdır. Böyüyən qarını isə xüsusi saxlayıcı bandaj vasitəsilə qorumaq olar.
Dartılmaya daha çox məruz qalan sahələrə xüsusi qulluq tələb olunur. Bu baxımdan kontrast duş, dəniz duzlu, dazıotu, lavanda, çobanyastığı və boymadərən cövhərli vannalar, zeytun, şaftalı və ya badam yağları ilə masaj, xovlu dəsmal ilə ovxalanma, vitaminli və kollagen-elastin kompleksli, aloe şirəli, gialuron turşulu, amin turşulu, zülal hidrolizatlı, bitki yağları və cövhərləri ilə zəngin olan xüsusi nəmləndirici və təravətləndirən kosmetik vasitələr (kremlər, məlhəmlər, losyonlar, gellər) effektiv profilaktika vasitəsidir.
Bu vasitələr qan dövranını yaxşılaşdırır, toxumaların qidalanmasını, regenerasiya qabiliyyətini artırır, zülal strukturlarının hasilatını artırır. Lakin gözlənilən nəticə almaq üçün onlar gündəlik istifadə olunmalıdır.
Təzə striyalarla mübarizə üsulları arasında mezoterapiya, fototerapiya, lazeroterapiya, intradermal biostimulyasiya, pilinq, dərin masaj effektiv metodikalar hesab olunur.
Müalicə üsulları
Dəri örtüklərinin zədələnmə dərəcəsi və müalicə yanaşmasının seçimi ixtisaslı mütəxəssisin işidir (həkim-kosmetoloq). Nə qədər ki, çapıqlar təzədir striyaların müalicəsinə mümkün qədər tez başlanılmalıdır. Dartılmaları tam aradan qaldırmaq üçün aparat texnologiyasından istifadə edilir: cilalanma, lazer korreksiyası. Ən çətin hallarda operativ müdaxilə tələb olunur.
Xalq təbabəti
Xalq arasında yayılmış üsullar daha yumşaq müalicə metodikasına aiddir. Müxtəlif kompreslər, sürtmələr, quru və nəm masaj, müalicəvi qarışıqların tərkibində bitki yağları, A, E və C vitaminləri, bitki cövhərləri, flavonoidlər, antioksidantlardan istifadə olunur.
Tərkibi qəhvə çöküntüsü, duz, şəkər, bal, efir və bitki yağlarından ibarət olan qəhvəli skrablar çox yaxşı nəticə verir. Skrab yüngül ovuşdurma hərəkətləri ilə 10 dəqiqə tətbiq edilir, sonra ilıq su ilə yuyulur.
Kontarst kompreslər geniş istifadə olunur. Bir litr qaynar suda bir çay qaşığı limon şirəsi və duz həll olunur, dəsmal həmin məhlulda isladılır və yarım dəqiqə problemli sahələrin üzərinə qoyulur. Sonra eyni prosedura soyuq su ilə təkrar olunur. Müsbət nəticə almaq üçün evdə hazırlanmış vasitələr ən azı üç ay davamlı olaraq istifadə edilməlidir.
Salon proseduraları
Müalicənin təsirini gücləndirmək üçün müasir kosmetologiyanın nailiyyətlərindən də istifadə etmək lazımdır. Geniş yayılmış kosmetoloji proseduralara dərin əl və vakuum masajı aiddir. Ağrılı olsa da, bu üsullar qan dövranını və limfa drenajını yaxşılaşdırır, dərinin üst və dərin qatlarında regenerativ prosesləri aktivləşdirir. Nəticədə, problemli sahələrin şişkinliyi yatır, büzüşük dəri örtükləri hamarlanır. Masaj proseduralar kursu 10-20 seans davam edir.
Soyuq və isti bürünmələr – bu proseduralar aparılarkən yosunlardan (talassoterapiya), şokolad, efir yağlarından, bitki cövhərlərindən istifadə edilir. Müalicə üsulu kimi səthi və təzə çapıqlara qarşı təsirlidir, nəticə almaq üçün 7-10 seanslıq kurs aparılır. İnyeksion üsullara mezoterapiya, ozonoterapiya, bioreparasiya, karboksiterapiya aiddir. Prosedura aparılarkən 1-4 millimetrlik dəri qatına xüsusi müalicəvi qarışıq yeridilir. Tədricən sorularaq preparatların tərkibindəki komponentlər zədələnmiş dəri örtüklərini regenarasiya edir, kollagen liflərin əmələ gəlməsini canlandırır, qan və limfanın mikrosirkulyasiyasını yaxşılaşdırır.
Mezoterapiya serumun xarici qata çəkilməsindən sonra zədələnmiş sahəyə ultrasəs, elektrik cərəyan, təzyiq altında verilən oksigenlə təsir etməklə də aparılır.
Fizioterapevtik üsullar arasında kimyəvi pilinq, mexaniki və lazer cilalanmasını göstərmək olar. Kimyəvi pilinq zamanı dəriyə çəkilən xüsusi turşular (salisil, süd, trixloruksus və s.) epidermisi əritməklə bərpa proseslərinə təkan verir. Ən güclü təsirli fenol turşulardır.
Almaz mikrodermabraziyası (mikrocilalanma) vasitəsi ilə dərinin yuxarı buynuzlaşmış qatı təzyiq altında vurulan kiçik abraziv hissəciklərin təsirindən xaric edilir. Bu prosedurlar çox ağrılı olduğundan narkoz altında aparılır və istifadəsinə qarşı müəyyən əks-göstərişlər var.
Dəri örtüklərinin fraqmentar təmizlənməsi həm isti, həm də soyuq lazerin vasitəsi ilə aparılır. Təzə striyalar 4-5 proseduradan sonra ləğv edilir.
Plastik cərrahiyyə
Başqa müalicə üsulları ilə müqayisədə bu, daha radikal vasitədir. Qarın plastikası aparılarkən dartılmış dəri sahələri zədələnmiş dəri artığı ilə birlikdə ləğv edilir. Abdominoplastika yüksək travmatik əməliyyatdır və dərin dəri qatları zədələndiyi üçün narkoz altında aparılır. Əməliyyatdan sonra xüsusi qulluq tələb edən ciddi çapıq qalır. Bərpa dövrü ən azı 2-3 həftə çəkir.
Orqanik.az