Doğuş zamanı və doğuşdan sonra bütün qadınlar qan itirir. Bu normal fizioloji prosesdir.
Doğuş zamanı cift uşaqlığın divarından hopur, ciftin damarları yırtılır və bu qanaxmaya səbəb olur. Hamiəlik zamanı qadın orqanizmi özünün gələcək qan itirilməsinə hazırlayır – qadın orqanizmində olan qanın miqdarı, demək olar, 2 dəfə artır. Bu səbəbdən doğuş zamanı və doğuşdan sonra qanın itirilməsi qadının sağlamlığına heç bir ciddi təsir etmir.
Lakin bəzən belə qanaxmalar fizioloji yox, patoloji xarakter daşımağa başlayır və qadının sağlamlığına və hətta həyatına ciddi təhlükə yaradır. Belə patoloji qanaxmalar erkən (dərhal doğuşdan sonra) və ya gecikmiş (doğuşdan 1, hətta 2 ay sonra) ola bilər.
Doğuşdan sonra patoloji qanaxmanın profilaktikası üçün həkim uşaqlığı massaj edir və qadına oksitosin inyeksiyasını təyin edir. Oksitosin hormonu uşaqlığın yığılmasına cavabdehlik daşıyan hormondur. Doğum evindən evə buraxıldıqdan əvvəl hər bir qadın mütləq USM-dən keçməlidir. Bu uşaqlıq boşluğunda ciftin hissələrinin qalmamasına əmin olmaq üçün lazımdır.
Uşaqlığın normal yığılmasında və bunun nəticəsində qanaxmaların qarşını almağında əmizdirmə böyük rol oynayır. Əmizdirmə zamanı qadının orqanizmində təbii oksitosin hormonu ifraz olunur. Bu səbəbdən uşağı əmizdirməyən qadınlarda uşaqlığın yığılması prosesi daha çətin gedir.
Erkən patoloji qanaxmaların səbəbləri müxtəlif ola bilər:
– uşaqlıq boşluğunda ciftin hissələrinin qalması. Bu zaman uşaqlığın normal yığılma qabiliyyəti pozulur və nəticədə qanaxma baş verir. Doğuş zamanı cift uşaqlığın divarından hoparaq çölə çıxır. Həkim mütləq ciftin tamlığını yoxlamalıdır. Bəzən bu müayinə zamanı məlum olur ki, ciftin bir hissəsi uşaqlığın daxilində qalıb. Bu halda ciftin qalıqları əllə təmizlənməlidir. Qadına ağrısızlaşdıran maddələr yeridilir və həkim uşaqlıq boşluğunu küretin köməyi ilə təmizləyir (küret – ginekologiyada istifadə olunan xüsusi alətdir).
– uşaqlığın, uşaqlıq boynunun, uşaqlıq yolunun yırtılması. Bu zaman qadının cinsiyyət yolları diqqətlə müayinə olunur və lazım olduqda tikişlər qoyulur.
– bəzən doğuşdan sonra inkişaf edən qanaxmaların səbəbi qadının qan sistemində olan pozulmalar (laxtalanma proseslərin pozulması və s.) olur.
Erkən qanaxmalar doğuşdan dərhal sonra inkişaf edir və bu zaman qadın adətən xəstəxanada olur. Tibbi personal lazım olan müayinə və analizlərdən sonra qanaxmanın səbəbini təyin edir və onun qarşısını alır.
Çox nadir hallarda olsa da patoloji qanaxmanı yalnız bir yolu ilə – uşaqlığın xaric olunması ilə dayandırmaq mümkün olur.
Gecikmiş qanaxmalar qadın evə qayıtdıqdan sonra inkişaf edə bilər. Əgər qadın qanlı ifrazatların artmasını (qanaxma tədricən azalmalıdır) və öz vəziyyətində dəyişikliklər (təzyiqin düşməsi, halsızlıq və s.) müşahidə edirsə, mütləq xəstəxanaya müraciət etməlidir. Ginekoloqlar qadınları xəbərdar edir ki, əgər doğuşdan sonra qadın gün ərzində 5-6 dolu bez dəyişirsə, bu qanaxmaya şübhə yaradır. Belə patoloji qanaxmalar qadının həlak olması ilə nəticələnə bilər!
Gecikmiş qanaxmaların səbəbləri bu kimi ola bilər:
– cift polipi (ciftin kiçik hissələri uşaqlığın daxilində qalır və onlardan polip əmələ gəlir)
– uşaqlıq boşluğunun iltihabı (endometrit)
– uşaqlığın yığılma qabiliyyətinin pozulması
– qan sistemində olan pozulmalar.
Orqanik.az