Son iki ildir ki, həyatımıza daxil olan yeni növ koronavirus (COVID-19) pandemiyası özündən sonra insanların sağlamlığında bir çox xoşagəlməz hallar yaradıb. Belə ki, virusdan sağalan xəstələr ağırlıq dərəcəsindən asılı olmayaraq bəzi allergik problemlərlə üzləşirlər.
Orqanik.az xəbər verir ki, həkim-terapevt Nazilə Babayeva deyib: “Allergiya deyəndə onu törədə biləcək yad hissəcik nəzərdə tutulur. Bu, bitki və ya heyvan mənşəli toz da, məişət tozu da, hər hansı bir mikroorqanizm, yəni bakteriya, virus, yaxud göbələk də ola bilər. Koronavirus infeksiyası özü virus mənşəli infeksiya olduğuna görə, virus orqanizmə daxil olandan sonra allergiyaya oxşar əlamətlər müşahidə edilə bilər”.
Qeyd edək ki, COVID-19 xəstəliyindən sonra yaranan allergik reaksiyalara qarşı müalicə kursu allerqoloqlar tərəfindən aparılır. Müsahibimizin dediyinə görə, COVID-19-dan sonra müxtəlif nahiyələrdə qaşınma, öskürəyin davam etdirməsi, atopik dermatitlər, yəni əllərdə allergik yaraların artması müşahidə olunur: “Oxşar əlamətlər olsa da, fərqləndirici xüsusiyyətlər də var. Məsələn, allergik reaksiyalarda allergenlərlə təmasda olanda həmin əlamətlər ön plana meydana çıxır. Bu, ya asqırma, ya öskürək, burun seliyinin, göz suyunun axması, dəridə müxtəlif xarakterli səpgilər şəklində özünü büruzə verir. COVID isə virus mənşəli infeksiya olduğuna görə intoksikasiya əlamətləri ön plana çıxır. Yəni bədən temperaturunun yüksəlməsi, ümumi bədən və ya əzələ ağrıları şəklində özünü göstərir”.
Koronavirus infeksiyası və COVID-19 pandemiyasının müalicəsində virus əleyhinə preparatlar, antibiotiklər və vitaminlərdən istifadə olunur. Həkim-terapevt mövsümü allergik reaksiya yaşayanlar, dərmanlara qarşı həssaslığı olanların COVID-a qarşı peyvənd olunması ilə əlaqədar bildirib: “Ağac və bitkilərin çiçəklənən, tozlanan vaxtı allergiya əlamətləri çox kəskin şəkildə özünü büruzə verdiyinə görə həmin dövrdə peyvənd təyin olunması əks göstərişdir. Proses bir qədər sakitləşsə, müəyyən müalicələr nəticəsində göstəricilər bir qədər endikdən, xəstəni narahat edən şikayətlər azalandan sonra peyvənd təyin edilə bilər”.
Mütəxəssislər COVID-19-dan sonra allergik reaksiya yaşayanların həkimə müraciət etməyini məsləhət görürlər.
Orqanik.az