Yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamının törətdiyi klinik əlamətlərlə digər ştamların simptomları arasında xüsusi fərq yoxdur. Ümumiyyətlə, “omikron” ştamının əlamətləri daha zəif, daha fəsadsız və nisbətən yüngüldür. Hətta “omikron”un potensial gücü “delta” ştamına yoluxma zamanı yalnız peyvənd vurduranlarda müşahidə edilən yüngül gedişli klinik əlamətlər dərəcəsindədir. Britaniyalı virusoloqların fikrincə, “omikron” ştamının törətdiyi klinik əlamətlər, əsasən, adi soyuqdəyməni xatırladır. Bu, kollektiv immunitetin formalaşması, yəni pandemiyanın sonu deməkdir. ABŞ-ın baş infeksionisti Entoni Fauçi isə hesabatında yazır ki, COVID-19-un “omikron” ştamı ciddi fəsad törədə bilməz.
Orqanik.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev COVID-19-un “omikron” ştamı barədə danışarkən deyib.
Professor bildirib ki, qrip virusunun genom spesifikliyinə malik hər yeni yaranan ştama yalnız 10 ildə bir dəfə yoluxmaq mümkündür: “Bu hal eynilə koronavirusa da xas olmalıdır. Bundan başqa, son aylarda COVID-19-la xəstələnənlərin orta yaşının 30 olduğu məlumdur. Lakin bu, koronavirusun gəncləşməsi deyil, məlum yaş qrupundan olanlar arasında yayılan “abnormal” ünsiyyət (öpüşüb-görüşmək) formasıdır. Nəzərə almaq lazımdır ki, COVID-19-dan ölüm halı 0,1-0,4 faiz nisbətindədir və yalnız ciddi immun zəifliyi olanlar arasında baş verir. Araşdırmalara əsasən, “delta” ştamı ilə müqayisədə “omikron” ştamına yoluxma zamanı peyvənd olunmayan və olunanların xəstəxanaya düşmə riski, müvafiq olaraq 24 faiz və 50 faiz nisbətindədir”.
Orqanik.az