Bütün dünyada cərrahların əməliyyat zamanı pasiyentin qarnında hər hansı bir alət, sarğı materialı və s. saxlaması halları qeydə alınır.
Təbii ki, bu cərrahın diqqətsizlik və məsuliyyətsizliyindən xəbər verir və qəti şəkildə yolverilməzdir. Lakin hər bir pasiyent belə halların mümkün olduğunu bilməlidir. Nəzərə almaq lazımdır ki, əməliyyat yarasında unudulmuş hər hansı əşya tək ağrı və digər xoşagəlməz hisslərə deyil, pasiyentin əməliyyatdan sonra həlak olmasına da səbəb ola bilər.
Orqanik.az sizə bir neçə belə fakt təqdim edir.
– 2019-cu ildə Şimali Osetiyada (Rusiya Federasiyası) Eveta Qobeeva adlı qadının qarnından qayçı çıxarılıb. Bu qayçı Evetanın qarnında qeysəriyyə əməliyyatı zamanı qalıb və qadın belə vəziyyətdə 23 il (!) yaşayıb. Bütün bu illər ərzində qadın ağrılardan əziyyət çəkirdi. Qayçı təsadüf nəticəsində rentgenoloji müayinə zamanı tapılıb. Evetanın ailəsi xəstəxananı məhkəməyə verib.
– 2015-ci ildə İordaniyanın Aman şəhərində qeysəriyyə kəsiyi əməliyyatından sonra 36-yaşlı qadın qarında güclü ağrılar və müəmmalı titrəmə hiss etməyə başladı.
Rentgen zamanı qadının qarnında unudulmuş… telefon aşkar olunub və qadın yenidən əməliyyat olunub.
– 2014-cü ildə Qazaxstanda pasiyentin qarnından 20 sm uzunluğunda qayçı xaric olunub. Bu qayçı 12 il bundan əvvəl əməliyyat zamanı xəstənin qarnında unudulub. Bu illər ərzində xəstə daim qarnında ağrılar hiss edirdi.
– 2012-ci ildə Ukraynada Vinnisa vilayətində əməliyyat zamanı pasiyentin qarnında 4 m uzunluğunda bint unudulub. Əməliyyatdan sonra kişi uzun müddət ərzində özünü pis hiss edirdi, çox arıqlamışdı. Xoşbəxtlikdən pasiyent vaxtında digər xəstəxanaya müraciət edib və “səhv”i düzəltmək mümkün olub. Əks halda pasiyent həyatını itirə bilərdi.
– Petrozavodsk sakini olan 33-yaşlı qadının isə bəxti gətirmədi. Ginekoloji əməliyyat zamanı onun qarnında unudulmuş dəsmal güclü iltihabın, toksiki şokun inkişafına səbəb olub ki, nəticədə qadın ölüb. Bu hadisə 2011-ci ildə baş verib.
– 2007-ci ildə Hindistanda əməliyyat zamanı 60-yaşlı kişi pasiyentin qarnında qayçı unudulub. 2 il ərzində kişi qarında olan ağrılardan əziyyət çəkirdi.
– 25 il ərzində Braziliya sakini Sueli di Paulu qarında kəskin ağrılardan əziyyət çəkirdi və daim mədə dərmanları qəbul edirdi.
Təsadüfən rentgen müayinəsi zamanı qadında mədənin yanında 15-sm-lik dəmir pinset aşkar olunub.
– Amerika cərrahları əsl “rekorda” imza atıblar. 2000-ci ildə Vaşinqtonda Donald Çerç adlı pasiyentin qarnından şiş çıxarılıb. Əməliyyatdan sonra pasiyent daim qarında ağrılardan şikayətlənirdi. Əməliyyatdan 2 ay sonra ailə həkimi Donaldın qarnını əli ilə yoxladıqda orada bərk bir şey hiss edib. Rentgen müayinəsindən sonra məlum olub ki, kişinin qarnında 32 sm-lik retraktor qalıb.
Xəstəxana Donald Çerçə 100 min dollar kompensasiya ödəyib.
– 2006-cı ildə Tula vilayətində (Rusiya Federasiyası) xəstəxanaların birində qeysəriyyə kəsiyi əməliyyatından sonra qadının qarnında iynə qalıb.
– 2004-cü ildə Ufa şəhərində (Rusiya Federasiyası) cərrah yaşlı qadının qarnında 18 sm uzunluğunda borucuq unudub. Uzun müddət ərzində səbəbi məlum olmayan ağrılardan əziyyət çəkən qadın əməliyyatdan 9 ay sonra ölüb.
Orqanik.az