Ötən il Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında maliyyə pozuntuları aşkarlanıb, bəzi vəsaitlərin xəstəxananın kassasına mədaxil edilmədiyi məlum olub.
Bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında aparılan nəzarət tədbirləri zamanı “İcbari tibbi sığorta üzrə xidmətlər zərfi”nə daxil olmayan tibbi xidmətlərdən daxil olan vəsaitin xəstəxananın kassasına mədaxil edilmədiyi, cari və əsaslı təmir işlərinin həcmlərinin artırıldığı və podratçı təşkilatlara artıq büdcə vəsaitinin ödənildiyi müəyyən olunub.
Həmçinin, işə davamiyyəti olmayan, yəni faktiki olaraq işləməyən işçilərə, o cümlədən həkimlərə əsassız olaraq uzun müddət əməkhaqqı verildiyi, imtiyazlı xəstələr üçün aptek bölməsi tərəfindən tərtib edilmiş hesabatlarda qiyməti daha yüksək olan dərmanların miqdarının həkim reseptlərində çox göstərildiyi və bu kimi nöqsanlar nəticəsində büdcə vəsaitinin artıq xərcləndiyi müəyyən edilib.
Qeyd edək ki, hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barədə tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.
Nəzarət tədbirləri üzrə artıq və əsassız ödənilmiş vəsaitləri məsul vəzifəli şəxslər dövlət büdcəsinə ödəyərək bərpa edilmiş, prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslərin nağd qaydada dövlət büdcəsinə ödəməklə bərpa edilmiş, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda davam etdirilir.
Orqanik.az