“Ramazan ayında oruc tutmaq istəyən ürək-damar sistemi xəstələrinin kardioloqları ilə məsləhətləşmələri tövsiyə olunur”.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova deyib. Həkim bildirib ki, orucun nəfsi tərbiyə etdiyini unutmadan iftar və imsaqda düzgün qidalanmalı və yetərli maye qəbuluna mütləq diqqət edilməlidir.
“Hansı ürək-damar xəstəlikləri olan insanlara oruc tutmaq tövsiyə olunmur?” sualını cavablandıran həkimin sözlərinə görə, sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlar oruc tutmamalıdırlar:
“Eyni zamanda inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr, xüsusilə yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir. Son 6 ayda infarkt keçirən, ürək xəstəliyi səbəbiylə sinə ağrısı olan, son 6 ayda balon, stent va ya bypass əməliyyatı keçirən, nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr, rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar”.
Orqanik.az