Bronxlar – “bronxial ağac” adlanan, şaxələnmiş şəkildə olan müxtəlif diametrli borular şəbəkəsindən ibarət olub, udulan havanı ağ ciyərlərə çatdırmaq vəzifəsini daşıyır.
Bronxit xəstəliyi zamanı bronx divarlarının daxili selikli qişası iltihablaşaraq şişkinləşir.
Əksər hallarda bronxit, kəskin respirator virus infeksiyası və ya qripp xəstəliyinin fəsadı kimi inkişaf edir. Bronxit xəstəliyinin yaranma riskini artıran faktorlar əsasən aşağıdakılardır:
– siqaret çəkilməsi (siqaret çəkənlərlə bir otaqda olaraq “passiv” şəkildə siqaret çəkmək də buna aiddir);
– müxtəlif xəstəliklər, tam keyfiyyətli şəkildə qidalanmamaq, bədənin tez-tez və həddən artıq soyuması və s. səbəblərdən immun sisteminin zəifləməsi;
– Bundan başqa bronxit – bronxa allergenin daxil olması nəticəsində (allergik bronxit) və ya kəskin toksik maddələrin təsiri nəticəsində (toksik bronxit) də yarana bilər.
Bronxitin əlamətləri:
– Bronxitin əsas əlaməti öskürəkdir. Əvvəlcə, adətən, öskürək quru və tutmaşəkilli olur, sonra öskürək vaxtı selikli, selikli-irinli, bəzən isə qan izləri də olan (bu, pis əlamət olub xəstəliyin ağırlaşmasına dəlalət edir) bəlğəm ifraz olunur. Daha sonra xəstəlik daha da ağırlaşa bilər ki, bu zaman bronxların selikli qişası şişir, bronxlarda selik toplanır, təngnəfəslik başlayır – nəfəs vermə çətinləşir və uzanır, nəfəs verərkən quru, fit səsli xırıltılar eşidilir.
– Bronxit zamanı hərarət ya normadan yuxarı qalxmır, ya da subfebril (37-38C) rəqəmlərə qədər yüksəlir.
Bronxitin ilkin əlamətləri yaranan kimi, heç bir halda özünümüalicə ilə məşğul olmayaraq tez bir zamanda həkimə müraciət etmək lazımdır. Əks halda xəstəliyin fəsadı inkişaf edə bilər(pnevmoniya, plevrit). Bundan başqa, müalicə olunmayan və ya düzgün müalicə olunmayan bronxit xəstəliyi xroniki bronxitə və ya bronxial astmaya da keçə bilər.
Orqanik.az