Böyrək xəstəlikləri zamanı xəstələr bel nahiyyəsindən ağrılar, sidik ifrazı aktının və ifraz olunan sidiyin miqdarının, rənginin pozulması, ödemlər, baş ağrıları, baş gicəllənməsindən şikayət edirlər. Bəzi xəstələr isə görmənin zəifləməsi, ürək nahiyyəsində ağrı, təngnəfəslik, iştahasızlıq, ürəkbulanma, qusma, hərarətin yüksəlməsindən narahat olurlar.
Bəzən əlamətlər uzun illər xəstələri narahat etmir. Belə halda xəstələrdə tədricən böyrəklərin büzüşməsi baş verir və ancaq xroniki böyrək çatışmazlığının aşkar kliniki əlamətləri meydana çıxdıqda xəstə həkimə müraciət edir.
Böyrək xəstəlikləri zamanı ağrının lokalizasiyasının təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Böyrək mənşəli ağrılar əsasən bel nahiyyəsində, qabırğa altı sahədə olur. Sidik axarının patoloji dəyişiklikləri zamanı ağrılar sidik axarı boyunca qarının aşağı yan hissəsində baş verir. Sidik axarının patolojiyalarında ağrılar bel və bud nahiyyələrə də vurur.
Böyrək ağrıları birtərəfli və ikitərəfli ola bilir. Xarakterinə görə ağrılar küt və sançılar şəklində, vaxtaşırı və daimi ola bilir.
Böyrək nahiyyəsində küt ağrılar kəskin qlomerulonefritdə, kəskin pielonefritdə, paranefritdə, ürək dekompensasiyasında, böyrək xərçəngingə olur.
Sancışəkilli ağrılar böyrəkdaşı xəstəliyində, sidik axarının qan laxtası və irinlə tutulması zamanı, yaxud patoloji hərəkətli böyrəyin sidik axarının bükülməsi nəticəsində meydana gəlir.
Böyrək sancısı birdən-birə böyrək nahiyyəsində kəskin, bəzən tədricən başlayaraq getdikcə şiddətlənir, bir-neçə saatdan tutmuş, bir-neçə günə qədər davam edə bilir. Adətən böyrək sancısı gəzdikdən və ya avtomobillə hərəkət etdikdən sonra baş verir.
Böyrək sancısı adətən birtərəfli olub, böyrək nahiyyəsindən başlayaraq qarın, qasıq və bud nahiyyəsinə, cinsiyyət orqanlarına vurur. Böyrək sancıları zamanı xəstə ağrının şiddətindən yataqda müxtəlif vəziyyətlərdə oturmağa çalışır. Sancılar baş verdikdə xəstədə ürəkbulanma, qusma baş verir, xəstənin nəbzi tezləşir, temperatur bəzi hallarda qalxır. Böyrək sancısının baş verməsinə böyrək ləyəninin və sidik axarının daşları, böyrək sallanması, hidronefroz, böyrək vərəmi, xərçəng və pieloinefrit ola bilir.
Böyrək xəstəlikləri zamanı xəstəliyə diaqnoz qoymaq üçün kompyuter tomoqrafiyasının, USM və labotator müayinələrin nəticələri əsas götürülür.
Müalicə əsasən həkim tərəfindən aparılır. Böyrək xəstəlikləri zamanı xalq təbabəti vasitələrindən də geniş istifadə edilir, xəstəyə isti vanna edilir və isitqac qoyulur.
Orqanik.az