Xəstəliklərdən və soyuq havalarda viruslardan qorunmaq üçün istifadə edilən bitki çayları bəzən özümüz də bilmədən problemlər yaradır.
Həkim-terapevt Nazilə Babayeva deyib: “Hər şeyin qədərində istifadə edilməsi orqanizm üçün faydalıdır, normadan artıq istifadə olunması isə əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər. Bəzən bitki qarışıqlarından hazırlanan, yəni bir neçə bitkinin qarışığından hazırlanan çay lazımi səmərəni vermir. Məsələ burasındadır ki, bir neçə bitkidən istifadə olunması bir bitkinin təsiri digərini qüvvətləndirə və ya zəiflədə bilər. Dəmlənmənin formasından da çox şey asılıdır”.
Həkimin dediyinə görə, yanaşı xəstəliyi olanlar bitki çaylarını qəbul edərkən diqqətli olmalıdırlar: “Bitkilərin təsiri onların maddələr mübadiləsini sürətləndirməsinə əsaslanır. Xüsusilə ürək-damar sistemi xəstəliyi, şəkərin nizamlanmasında ciddi problemi və böyrək daşı olanların bitki çaylarından ehtiyatla istifadə etməsi məsləhətdir, yaxud qanın laxtalanma sistemində problemlər varsa, bəzi bitkilər qandurulaşdırıcı təsir göstərir”.
Onu da qeyd edək ki, bəzi bitki çayları uşaqlar və hamilə qadınlara da mənfi təsir göstərə bilər. Ona görə də həkim məsləhəti olmadan bitki çaylarından istifadə etmək yolverilməzdir.
Orqanik.az