Azərbaycanda ən geniş yayılmış türkəçarə üsullardan biri bankalanmaqdır.
Ta qədimdən soyuqdəymə, əzələ, bel ağrıları zamanı müalicə vasitəsi kimi bankadan istifadə olunur.
E-tibb.az bildirir ki, bu üsula daha çox yaşlı və orta nəslin nümayəndələri üstünlük versə də, azyaşlı uşaqlarına banka qoymaqdan çəkinməyən valideynlər də az deyil. Hətta belə bir inanc da var ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Həmin yeri həcəmət deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar. Bəs banka qoymaq həqiqətənmi sağlamlığa düşünüldüyü qədər xeyirdir? Bunun nə kimi fəsadları ola bilər? Azyaşlı uşaqlara banka qoymaq olar, ya yox?
Terapevt, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva deyir ki, banka qoymağın sağlamlığa hər hansı faydası müasir tibdə təsdiqini tapmayıb: “Buna yayındırıcı terapiya deyirlər. Sovet dövründən qalma üsuldur. Müasir təbabət bu cür üsulların heç birini qəbul etmir deyə biz də xəstələrə məsləhət görmürük. Əvvəllər deyirdilər, bankalanmaq yerli qan dövranını yaxşılaşdırır, patoloji prosesdən irəli gələn impulslar azalır və orda sağalma daha yaxşı gedir, ağrılar azalır, iltihabi proses sorulur. Amma bunların heç biri tibdə təsdiqini tapmayıb, müasir həkimlər bankanın bu faydalarını təsdiqləmir. Yəni bankalanmaq daxildə gedən patoloji prosesə təsir göstərmir”.
Banka qoyulduqdan sonra yerinin çərtilməsinin hansısa faydasının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirən terapevt bunu belə izah edir: “Banka qoyanda onun içərisində bir vakuum yaranır. Yəni təzyiqlər fərqi yaranır, dərini içinə doğru çəkir və həmin nahiyəyə qan yığılır. Ona görə də çərtib təmizləyirlər. Sanki hansısa xəstəlik törədici qanı çirkləndirir və həmin üsulla onu çıxarırlar. Amma elmi baxımdan çirklənmiş qan anlayışı yoxdur. Çərtmə ümumiyyətlə, düzgün yanaşma deyil. Bu, hematomadır, toxumaya yığılan qandır, öz-özünə sorulub gedəcək. Çərtməklə ordan qanı çıxarmaq olmur. Üstəlik, çərtilən yerə infeksiya düşmə ehtimalı var. Bundan başqa, banka düzgün qoyulmadıqda dərini zədələyə, yerli yanıqlar ola bilər”.
Həkim onu da vurğulayıb ki, ürək və təzyiq xəstələrinə bankalanmaq qətiyyən olmaz: “Elə bil oğurluq qanı banka olan nahiyəyə daha çox gətirir, patoloji orqan olan nahiyədə isə qan azlığı yaradır. Banka təzyiq də yaradır. Ona görə də kardioloji problem olanlar qətiyyən banka qoydurmamalıdırlar. Bu, onların vəziyyətini ağırlaşdıra, hətta infarkta belə, səbəb ola bilər. Ona görə də biz bankanı göstəriş kimi təyin etmirik, onun əleyhinəyik. Çünki onun əlavə təsirləri xeyrindən çoxdur”.
O ki qaldı uşaqların bankalanmasına, pediatr Günay Rəsulova bunu məqbul hesab etmir. Onun sözlərinə görə, bankalanmaq, ilk növbədə, uşaq üçün böyük bir stresdir: “Təsəvvür edin ki, uşağın belinə yanan, yandıran nəsə qoyulur. Bu, uşaqda necə bir qorxu yarada bilər. Təəssüf ki, valideynlər məsələnin bu tərəfinə çox vaxt diqqət yetirmirlər. Halbuki uşaqları bu cür stress yaradan müdaxilələrdən maksimum şəkildə uzaq tutmaq lazımdır. İkincisi, banka onurğa sümüyü ilə kürək sümüyünün arasındakı əzələnin üstünə qoyula bilər. Amma buna çoxları riayət etmir, sümüyün üstünə də banka qoyurlar. Bu da yanlışdır. Üçüncüsü, qanında problem olan uşaqlar üçün olduqca təhlükəli müdaxilədir. Daxilə qanama verə bilər”.
G.Rəsulova bankalanmağın heç bir müalicəvi tərəfi olmadığını qeyd edir. Üstəlik, fəsadlar da verə bilər: “Çox vaxt görürük ki, öskürəyi olan uşağa banka qoyurlar. Uşağın ciyərində problem varsa, banka onda ciddi ağırlaşmaya səbəb ola, xəstəliyi daha da ağırlaşdıra bilər. Banka bronxitlərə, pnevmoniyalara təsir edib sağaldacaq qüvvəyə malik deyil. Soyuqdəymənin kəskin vaxtı, yəni hərarətin yüksək vaxtı da banka qoymaq olmaz. O cümlədən bronxial astması, dərisində problem, allergik narahatlığı olan uşaqlara da qadağandır. Ümumiyyətlə, mən bir həkim olaraq uşaqları bankalamağı məsləhət görmürəm”.
Orqanik.az