Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, ümumi cərrah, transplantoloq Dr.Mircəlal Kazımi ARB24-ün “İşgüzar səhər” verilişində Azərbaycanda meyitdən orqanların köçürülməsi prosesinin həyata keçirilməsinə dair sualları cavablandırıb.
Hazırda bütün dünyada orqan transplantasiyası əməliyyatlarından geniş istifadə olunduğunu bildirən M.Kazımi bir çox ölkələrdə orqan transplantasiyası üçün meyit orqanlarından istifadə olunmasının tətbiqinə böyük üstünlük verildiyini diqqətə çatdırıb.
Həkimin sözlərinə görə, Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən 1999-cu ildə bununla bağlı qanunun imzalanmasına baxmayaraq, bu qanunun təkmilləşdirilməsinə və yenidən işlənilməsinə ehtiyac duyulurdu.
“Bu vaxta qədər Azərbaycanda orqan köçürülməsi əməliyyatları canlı qohum donorlardan orqan almaqla həyata keçirilirdi”, – deyə bildirən transplantoloq Azərbaycanda bu barədə qanunun qüvvəyə minməsindən sonra yanvar ayının 1-dən etibarən bu istiqamətdə işlərə başlanıldığını diqqətə çatdırıb.
Həkim meyit orqanlarından istifadə mexanizmi barədə məlumat verərək hazırda bununla bağlı ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, yeni Qanuna əsasən, meyit orqanlarından geniş istifadəyə şərait yaradacaq və bu insanların faydalanması üçün lazım olan orqan transplantasiyası koordinatorluğunun yaradılması istiqamətində işlər aparılır. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən ştatlar təyin olunub.
“Həmçinin bununla bağlı etika komissiyasının yaradılması da biz həkimlərə böyük dəstək olacaq”, – deyə bildirən M.Kazımi bildirib ki, pasiyentin qohumu olmayan canlı donorlardan orqanların alınması prosesinə, eləcə də qanunla qadağan olunan orqanların ticarəti məsələlərinə məhz bu komissiya nəzarət edəcək.
Qeyd edək ki, Cənubi Qafqazda canlıdan canlıya ilk orqan köçürülməsi, qaraciyər transplantasiyası əməliyyatları məhz Azərbaycanda həyata keçirilib. Bu günə qədər respublikamızda 1500-ə qədər qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunub.
Orqanik.az