Artiq çəki – yaxın dövrlərə qədər qüvvət, sağlamlıq və varlılıq əlaməti hesab edildiyi halda, günümüzdə müalicə edilməsi vacib olan bir xəstəlikdir. Hətta 30-40 il öncəsinə qədər cəmiyyətə “gözəl, normal” kimi təqdim edilən qadınlar, kişilər günümüzdə “artıq çəkili” hesab edilənlərdir. Bu hal atalar sözlərimizə belə təsir etmiş, bizdən qabaqkı nəsillər “bir parça ət, min ayıbı örtər” demişlər.
Artıq çəki – qarın tipli və ya göbək tipli olarsa, ürək- damar xəstəlikləri riski daha çoxdur. Buna görə də, bel çevrəsi əsas göstəricilərdən biridir və normada kişilərdə 94, qadınlarda isə 80 sm-dən az olmalıdır (İDF).
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ildən-ilə dünyada artıq çəki və piylənmənin sürətlə artdığını qeyd edir ki, bu da çox ciddi haldır. Azərbaycanda isə kişilərin 50, qadınların isə 60%-də artıq çəki problemi var.
Artıq çəkinin səbəb olduğu xəstəliklər
Hazırki dövrdə artıq çəki və piylənmənin; infarkt, yüksək qan təzyiqi, iflic, şəkər xəstəliyi, süd vəzi, uşaqlıq, prostat və yoğun bağırsaq xərçəngi, varikoz, apnoe – yuxuda nəfəsin dayanması, hipoksiya, çətin doğuş, yumurtalıqların polikistozu – PKOS, depressiya, yırtıqlar, artrit kimi xəstəliklər üçün çox mühüm risk faktoru olduğu sübut edilmişdir.
Alış-veriş zamanı tövsiyələr
Ərzaq məhsullarını almağa acqarına getməmək
Alınacaq şeylərin siyahısını əvvəlcədən hazırlamaq
Siyahıdakı mallara yetəcək qədər pul götürmək
Yeyilmək üçün hazır vəziyyətdə olan ərzaqları almamaq
2 qidadan daha az kalorili olanını seçmək
Ərzaqlar barədə olan televiziya proqramlarına və ya reklamlara baxmamaq
Yeməklə əlaqədar bəzi tövsiyələr
Yeyilə bilən şeyləri göz qabağında saxlamamaq
Mətbəxdə çox vaxt keçirməmək, işi bitincə, uzaqlaşmaq
Yeməməsi gərəkən qidaları evdə saxlamamaq
Çömçə, iri xörək qaşığı və s. kimi köməkçi vasitələrin kiçik olmasına diqqət etmək
Yeməklə dolu qazanı və ya tavanı süfrəyə qoymamaq
Yemək bitən kimi masadan qalxmaq
Boşqabda yemək saxlamaqdan çəkinməmək, qalanını o biri öyünə saxlamaq
Tikələri yaxşıca və aramla çeynəyərək dadını hiss etməyə çalışmaq
Loxmalar arası zamanda çəngəl-qaşığı yerə qoymaq
Yemək vaxtı başqa işlə məşgul olmamaq (televizora baxmaq, kitab oxumaq və s.)
Təkrar qoya biləcəyini düşünərək boşqabına ilk dəfədə az yemək qoymaq
Alkoqol, dadlı sous və ədviyyatlardan qaçmağa çalışmaq
Dietoloqa sual ver
Dr. Səlim Əhədov
Orqanik.az