Çəkini azaltmağın ən yaxşı üsulu qida miqdarını azaltmaq, sağlam qidalanmaq və fiziki aktivliyin artırılmasıdır.
Lakin bir çoxları ciddi idmanla məşğul olmalarına, pəhriz saxlamalarına, hətta ac qalmalarına baxmayaraq, çəki ata bilmirlər.
Bəs nə üçün bəzilər yedikləri qidanı azaldan kimi arıqlayır, digərlərində isə bu alınmır?
Endokrinoloq-dietoloq Arzu Məmmədovadan açıqlama verib.
Həkimin sözlərinə görə, 90-95% hallarda piylənmənin səbəbi qeyri-düzgün qidalanma və qeyri-düzgün həyat şəraitidir: “5-10% hallarda isə bunun hormonal problemlərə bağlı olduğu məlum olur. Əgər bir insan qidanı azaldaraq və idman edərək çəki atmağa nail ola bilmirsə, deməli, onun hansısa hormonal problemi mövcuddur. Hormonlarda yaranan disbalans zamanı insanın çəki atması çətinləşir, hətta insan əlavə çəki alır”.
A.Məmmədova bildirib ki, çəki ata bilməyən insanlardan ilk növbədə hormonlardan analiz verməsini tələb edirlər: “Bu analizlərə ilk növbədə qalxanvarı vəzin, böyrəküstü vəzinin xəstəlikləri, həmçinin, prolaktin hormonunun normadan artıq olması və s. piylənməyə səbəb ola bilər. Qalxanvari vəzin sintez etdiyi hormonların çatışmazlığı bədəndə ödəmin yaranmasına səbəb olur. Bundan əlavə, böyrəküstü vəzinin hormonu olan stress hormonları da arıqlamaqda çətinlik yaradır. Hiperkartisizm sindromu və ya başqa sözlə Kuşinq sindromu zamanı qanda stress hormonu hesab olunan kortizolun yüksəlməsi ilə əlaqədar meydana çıxan xəstəlikdir. Bu sindrom zamanı da artıq çəki müşahidə edilir. Cinsi hormonların çatışmazlığı da artıq çəki pobleminə səbəb olur. Bu hormonlara testosteron və progesteron hormonları aid edilir”.
Həkim deyib ki, uzun müddət ərzində istifadə edilən hamiləlik əleyhinə kontraseptivlər də hormonal tərkibli olduğu üçün çəki artımına səbəb olur: “Bundan başqa, bəzən bir sıra dərmanlar da, məsələn, antidepresantlar da çəki artıra bilər. Bəzən isə tam əksinə, antidepresant dərmanlar çəkinin azalmasına gətirib çıxarır”.
Orqanik.az