Ana südünün tərkibi və faydalı xüsusiyyətləri

Yenidoğulmuşlar və körpələr üçün ən yaxşı qida ana südüdür. Ana südü körpələr üçün optimal qidalanmanı təmin edir. O, lazımi miqdarda qida maddələrinə malikdir və asanlıqla həzm olunur.

Süd verən qadının orqanizminin qida ehtiyatları hamiləlik, eləcə də doğuş zamanı qan itkisi nəticəsində az və ya çox dərəcədə tükənə bilər. Əsasən qida maddələrinin ilk dəfə kolostrumla, sonra isə ana südü ilə itirilməsi səbəbindən laktasiya dövrü orqanizmin qida maddələrinə olan ehtiyacını artırır. Ana südünün həcmi dəyişkən xarakterlidir. Süddə olan qida maddələri ananın qidalanmasından, eləcə də onun orqanizminin qida ehtiyatlarından əldə edilir. Ana südü kifayət qədər sabit tərkibə malikdir və yalnız ananın qida rasionundan seçici şəkildə təsirlənə bilir. Ananın qida rasionunda kifayət qədər olmasa belə, ana südünün karbohidrat, zülal, yağ, kalsium və dəmir tərkibi çox dəyişmir. Qida ilə tiamin (B1), A və D vitaminlərinə olan ehtiyac ödənmədikdə isə ana südündə bu maddələrin miqdarı daha az olur. Ona görə də ananın zəngin qida rasionundan istifadə etməsi məsləhət görülür. Doğuşdan sonra ana və körpə mütəmadi müayinə olunmalıdır. Həm ananın, həm də körpənin qida rasionu ilə bağlı məsləhətlər verilməlidir. Körpənin çəkisinin qənaətbəxş artımı onun qida rasionunun adekvatlığını mühakimə etməyin ən yaxşı yoludur. Süd verən analar gündə 1800 kaloridən az enerji qəbul etməməlidirlər.

Amerika Pediatriya Akademiyasının tövsiyəsinə görə, körpə ilk 6 ay ərzində yalnız ana südü ilə qidalandırılmalı və bunu azı 1 yaşa qədər davam etdirmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da körpələri ana südü ilə qidalandırmağa doğumdan bir saat sonra başlamağı, 2 yaş və ya daha uzun müddətə davam etdirməyi məsləhət görür.

Ana südünün tərkibinin ən mühüm xüsusiyyətlərindən biri onun körpənin hamiləlik həftəsinə (erkən və ya vaxtından əvvəl), doğum zamanı ağırlığına (az və ya normal) və doğuş ayına görə dəyişməsidir. Doğuşdan ilk aya qədər olan dövrdə ana südünün qida tərkibi (qidalı maddələr baxımından) körpənin mədə-bağırsaq sisteminə uyğun olaraq dəyişir.

Qeyd edək ki, ana südü ifraz olunma müddətinə və tərkibinə görə kolostrum, keçid südü və yetkin süddən ibarətdir. Kolostrum doğuşdan sonra ilk 5 gün ərzində ifraz olunan, qatı və sarımtıl rəngli süddür. Tərkibində az yağ və laktoza var. O, zülalla, xüsusən də infeksiya əleyhinə xüsusiyyətə malik zülallarla zəngindir. Kolostrum immunoqlobulinlərlə zəngin olduğundan yeni doğulmuş körpəni xarici mühitin patogen amillərindən (mikroorqanizmlərdən) qoruyur. Bu xüsusiyyətinə görə kolostrum körpənin ilk peyvəndi olaraq qəbul edilir. Həmçinin yeni doğulmuş uşağın formalaşmamış həzm sisteminin inkişafına kömək edir. İlk bir neçə gündən sonra körpənin mədəsi böyüdükcə ananın orqanizmi daha çox süd istehsal etməyə başlayır. Keçid südü doğuşdan 7-14 gün sonra ifraz olunan süddür. Yetkin südün tərkibi isə dəyişkəndir. Belə ki, doğuşun 15-ci günündən sonra ifraz olunan yetkin südün tərkibi ananın orqanizminin xüsusiyyətindən, qidalanmasından və fərdi metabolik amillərdən asılı olaraq dəyişə bilir. İlk gün 40-50 ml, 15-ci gün isə 700-800 ml-ə qədər ana südünün ifrazı artır.

Bir sıra hallarda analar övladlarını ana südündən məhrum etmək istəmirlər. Bu halda körpə əvvəlcədən toplanmış ana südü ilə qidalandırıla bilər. Lakin ana südünün gigiyenik qaydada toplanıb, düzgün şəraitdə və temperaturda saxlanması şərtdir. Belə ki, ana südü otaq temperaturunda 3 saat (ÜST: 8 saat), soyuducuda 3 gün (ÜST: 24-48 saat/1-2 gün), dondurucuda 3 ay (ÜST: 3 ay) saxlanıla bilər.

Körpə üçün ana südünün bir çox faydası var:

– Ana südü körpələr üçün ideal qidalanmanı təmin edir. Xüsusilə də ilk 6 ay boyunca yenidoğulmuş körpəni lazım olan bütün qida maddələri ilə təmin edən ən sağlam qidadır.

– Ana südü mühüm antitellər ehtiva edir. Ana südü körpənin virus və bakteriyalarla mübarizə aparmasına kömək edən antitellərlə zəngindir. Bu xüsusilə ilk süd olan kolostruma aiddir. Kolostrum yüksək miqdarda immunoqlobulin A (IgA), eləcə də bir sıra digər antitelləri təmin edir. Ananın orqanizmi viruslara və ya bakteriyalara məruz qaldığı zaman südə daxil olan antitellər sintez etməyə başlayır. IgA körpənin burnunda, boğazında və həzm sistemində qoruyucu təbəqə əmələ gətirərək uşağı xəstələnməkdən qoruyur. Çoxsaylı tədqiqatlar göstərir ki, ana südü ilə qidalanmayan körpələr sətəlcəm, ishal və digər infeksiyalara daha həssasdırlar.

– Ana südü ilə qidalanma xəstəlik riskini azalda bilər. Ana südü ilə qidalanma körpənin bir çox xəstəliklərə tutulma riskini azalda bilir. Belə ki, uzun müddət ana südü ilə qidalandırma uşağı orta qulaq, boğaz və sinus infeksiyalarından, həmçinin çoxsaylı tənəffüs və mədə-bağırsaq xəstəliklərindən qoruya bilir. Hətta 6 ay ərzində yalnız ana südü ilə qidalanan körpələrdə ciddi soyuqdəyməyə məruz qalması, eləcə də qulaq və boğaz infeksiyalarına tutulma, ani körpə ölümü sindromu, astma, atopik dermatit və ekzema, diabet, leykozun yaranması riski daha az olur.

– Ana südü körpənin çəkisini sağlam şəkildə artırır. Ana südü ilə qidalanma sağlam çəki artımına kömək edir və piylənmənin qarşısını alır. Araşdırmalar göstərir ki, 4 aydan çox ana südü ilə qidalanma körpənin artıq çəki və piylənmə riskini əhəmiyyətli dərəcədə azaldır. Bu, müxtəlif bağırsaq bakteriyalarının inkişafı ilə əlaqədar ola bilər. Ana südü ilə qidalanan körpələrdə çox miqdarda faydalı bağırsaq bakteriyası var ki, bu da yağların depolanmasına təsir edə bilir. Ana südü ilə qidalandırılan körpələrin orqanizmində süni qida ilə qidalanan körpələrə nisbətən daha çox leptin var. Leptin iştahı və yağ yığımını tənzimləyən əsas hormondur.

– Ana südü uşaqların zehni inkişafına təsir edir. Araşdırmalar nəticəsində müəyyən olunub ki, ana südü ilə qidalanma körpələrin uzunmüddətli beyin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Həmçinin ana südü ilə qidalanan körpələr daha yüksək intellektə malik olurlar və böyüdükcə öyrənmə çətinliyinə, eləcə də davranış problemlərinə daha az məruz qalırlar.

Qeyd edək ki, laktasiya zamanı enerji və qida maddələrinə ehtiyac hamiləlik dövründəkindən daha yüksək olur. Əgər ana hamiləlik dövründə yaxşı qidalanırsa, onun ehtiyaclarını qismən ödəyə bilən bir yağ deposu formalaşmış olur. Bu yağ deposunun istifadəsi ilə ana doğumdan sonrakı ilk həftələrdə çəki itirir. Laktasiya dövründə süd istehsalı üçün tələb olunan enerji iki mənbədən təmin edilir:

1. Hamiləlik zamanı bədəndə yağ olaraq yığılan enerji

2. Qida rasionundan qaynaqlanan enerji

Süd verən qadın həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz olunan südə ekvivalent olan enerji, zülal, mineral və vitaminləri almaq üçün sağlam və balanslı qidalanmalıdır.

Laktasiya dövründə enerji və qida ehtiyacları üçün aşağıdakılar tövsiyə olunur:

– Körpənin ehtiyacını öz südü ilə tam ödəyən qadın gündə orta hesabla 700-800 ml süd ifraz edir. Bu südün ekvivalenti olan enerji və qida maddələri laktasiya dövründə normal qidalanma ehtiyacına əlavə edilərək artırılmalıdır.

– Adekvat ana südü istehsalı üçün kifayət qədər maye qəbul edilməsinə diqqət yetirilməlidir. Belə ki, gündə azı 8-12 stəkan maye içmək kifayətdir.

– Laktasiya dövründə arıqlama məqsədli pəhriz edilməməlidir. Bu dövrdə enerji qəbulu gündə 1800 kaloridən aşağı düşərsə, bədən üçün lazım olan qida elementləri kifayət qədər çatışmır. Xüsusilə laktasiya dövrünün başlanğıcında aşağı kalorili qida rasionu süd istehsalını azaldır və südün qida dəyərinə mənfi təsir göstərir.

– Laktasiya dövründə spirt və siqaret istifadə edilməməlidir.

– Soğan, sarımsaq, brokkoli, balqabaq, gül kələm, qarışıq ədviyyatlar və ya paxlalılar ana südünün dadını dəyişə bilər. Bu vəziyyət bəzi körpələrdə narahatlıq (qaz əmələ gəlməsi, qidalanmaqdan imtina kimi) əmələ gətirsə də, bəziləri bunu heç hiss etməyə bilər. Körpənizdə ciddi əsəbilik yaranarsa, bu cür qidalar daha az istehlak edilməli və ya heç istehlak edilməməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.