Məişət tozları və allergenlərə ən çox istifadə olunan yorğan və döşəklərdə rast gəlinir. Keçmişdə yun yorğan və döşəklər ən keyfiyyətli yataq dəstləri sayılırdı. Yunun bütün neqativ enerji və radiasiyanı özünə çəkdiyi elmi tərəfdən sübut olunub. Eyni zamanda, yun istini tənzimlədiyi üçün orqanizmi üşüməyə qoymur, hətta revmatizm xəstəliyindən əziyyət çəkənlərə qoyun yunundan hazırlanmış yataq dəstlərində yatmaq məsləhət görülür. Digər tərəfdən yundan olan yataq dəsti allergik xəstəliklərə qarşı həssaslığı olanlar üçün narahatlıq yarada bilir.
Orqanik.az xəbər verir ki, həkim-terapevt Sevinc Zeynalova deyib: “Yunun içində gənəçiklər var və allergiyası olmayanlara heç bir narahatlıq vermir. Allergiyası olanların isə yun yorğan-döşəklərdə yatmasına və tük yastıqdan istifadə etməsinə qadağa qoyulur. Çünki yunun içindəki gənəciklərin ifrazatları və epidemisin özü xəstələrdə allergik reaksiyalar verə bilər”.
Mütəxəssislər yenilənən və müasir dünyaya uyğunlaşanların yundan hazırlanan yataq dəstlərinə üstünlük vermədiyini bildirirlər. Onlar yunun yuyulub qurulması, sonra ondan döşək sırımağın əziyyətli proses olduğunu əsas götürürlər. Ona görə də daha rahat hazırlanan, tez yuyulub qurudulan, olduqca yüngül sinteponlara üstünlük verirlər. “Sinteponun tərkibində gənəcik olmadığından heç bir allergik reaksiya vermir. Allergiyası olanların sintepon yastıq və sintepon yorğan-döşəkdən istifadə etməsi məsləhətdir”.
Həmin yataq dəstlərini alarkən üç xüsusiyyətə diqqət yetirmək vacibdir: sinteponların hipoallergen olması, işin keyfiyyəti və materialda xoşagəlməz qoxunun olmaması. Qeyd edək ki, təmiz tərkibli sinteponlar antibakterial olur, yuyulduqda tez quruduğu üçün bakteriyaların inkişafına imkan yaratmır.
Otaqda toz yığılan əşyaları mümkün qədər azaltmaq, həftədə bir dəfə yorğan-döşəkləri havaya çıxarmaq, yataq otağındakı döşəküzlərini tez-tez dəyişmək, tozsoranla onları yaxşı təmizləmək lazımdır. Məişət tozlarına qarşı həssaslığı olanlar üçün gigiyenik şərait yaratmaq məsləhət görülür.
Orqanik.az