Ağrı toxumaların üzvi və funksional dəyişikliklər törədən zədələyici amillərin təsiri nəticəsində yaranan mürəkkəb psixomator vəziyyətdir. Digər hissi reseptorlardan fərqli olaraq ağrı reseptorları üçün müəyyən bir spesifik qıcıqlandırıcı yoxdur. O, hər hansı bir qüvvətli qıcıqlandırıcının təsiri ilə yarana bilər. Əslində ağrı hissinin olması insan üçün əhəmiyyətli sayılır. Belə ki, ağrının olması orqanizmdə təhlükənin olmasından xəbər verir. Ağrının baş verməsi nəticəsində onu əmələ gətirən amil dəf edilir. Ağrı çox vaxt xəstəliyin ilk və bəzən tək əlaməti olmaqla, xəstəni həkimə getməyə vadar edir və xəstəliyin diaqnostikasının tapılmasına yardım edir.
Xəstəliyin ağırlıq dərəcəsi ilə ağrı hissinin qüvvəsi həmişə bir-birinə müvafiq gəlmir. Bəzi hallarda orqanların ağır zədələnmələri, zəif ağrı hissi ilə müşayiət oluna bilir. Bəzən də çox da təhlükəli olmayan zədələnmələr qüvvətli ağrılarla müşayət edilir.
İnsanda ağrı hissini obyektiv qiymətləndirmək olduqca çətindir. Onun ağırlıq dərəcəsi bir sıra amillərdən asılıdır. Xəstənin ali sinir fəaliyyətinin tipi, psixo-emosioanl vəziyyəti və bir sıra xarici mühit amilləri ağrı hissinin intensivliyinə təsir edir. Bəzi psixi pozğunluqlar (şizofreniyanın bəzi formaları), beynin alın payının zədələnməsi, alkohol sərxoşluğu ağrı hissinin itirilməsinə səbəb olur.
Xəstənin subyektiv hissiyyatına görə ağrının aşağıdakı növləri ayırd edilir:
– küt ağrı
– deşici ağrı
– kəsici ağrı
– üzücü ağrı
– yandırıcı ağrı və s.
Ağrı normal və patoloji proseslərlə əlaqədar ola bilir. Patoloji proseslərlə əlaqədar olan ağrılara simptomatik ağrılar deyilir. Simptomatik ağrılar somatik və visseral olmaqla 2 yerə bölünür. Somatik ağrı özü də səthi və dərin olmaqla 2 hissəyə bölünür.
Yaranma sürətinə görə ağrılar erkən və gecikmiş olur. Dərin somatik ağrıların ən geniş yayılmış növü baş ağrılarıdır. Dərin ağrı adətən küt olur və adətən ətraf toxumalara irradiyasiya edir. Ağrılar bəzən orqanizmdə müxtəlif patoloji dəyişikliklərə səbəb ola bilir. Belə ki, ağrının sayəsində ürəkbulanma, tərləmə, arterial təzyiqin enməsi və ya qalxması baş verə bilir.
Orqanik.az