İnsan papilloması virusu (papillomavirus, İPV, HPV) cinsi yolla ötürülən ən geniş yayılmış infeksiyalardan biridir.
İPV-nun əsas təhlükəsi bundadır ki, orqanizmdə uzun müddət olduqda, bu virusun bəzi tipləri xərçəngə səbəb ola bilir.
İPV-na insan necə yoluxur?
İPV-nun bütövlükdə 120-dən çox müxtəlif tipi var. Onlardan təxminən 40-ı cinsi yolla ötürülür. İPV-nun displaziya və uşaqlıq boynu xərçənginə səbəb olan tipləri əsasən müdafiə olunmamış seks zamanı ötürülür.
İPV-na öpüşlə də yoluxmaq mümkündür. Bu halda oral papillomavirus infeksiya simptomları (ağız və boğazda səpgilər) yarana bilər. İnsan papilloması virusu heç vaxt məişət yolu (əgər Siz bu zaman virusun daşıyıcısı ilə sıx təmasda olmursunuzsa, yəni, məsələn, öpüşmürsünüzsə, sekslə məşğul olmursunuzsa) yoluxmur. Nadir hallarda İPV yoluxmuş anadan doğuş zamanı uşağa da keçə bilir.
İPV-na kim yoluxa bilər?
Bu virus çox geniş yayılmışdır. Cinsi həyat keçirən qadınların böyük əksəriyyəti gec-tez İPV-na yoluxacaqdır. Lakin yaxşı bir xəbər bundadır ki, bu qadınların da əksəriyyətində virus immun sistemi tərəfindən məhv ediləcək və heç bir xəstəliyə gətirib çıxarmayacaqdır. Çox nadir hallarda papilloma virusu orqanizmdə uzun müddət qalır və sağlamlıqda problemlər yaradır.
İPV-nun hansı tipləri mövcuddur və bunun nə əhəmiyyəti var?
Bütövlükdə İPV-nun 120 tipi mövcuddur və onlardan 70-i lazımi səviyyədə öyrənilmişdir. Virusun bu və ya digər tipinin xərçəngə səbəb olmasından asılı olaraq İPN-nun aşağıdakı 2 qrupunu fərqləndirirlər: yüksək onkogen riskli papilloma virusu və aşağı onkogen riskli papilloma virusu.
Yüksək onkogen riskli İPV aşağıdakı tipləri özündə birləşdirir: İPV 16, İPV 18, İPV 31, İPV 33, İPV 35, İPV 39, İPV 45, İPV 51, İPV 52, İPV 56, İPV 58, İPV 59, İPV 68.
Aşağı onkogen riskli İPV aşağıdakı tipləri özündə birləşdirir: İPV 6, İPV 11, İPV 42, İPV 43, İPV 44.
Qeyri-onkogen (xərçəngə səbəb olmayan) İPV aşağıdakılardır: İPV 1, İPV 2, İPV 3, İPV 4, İPV 5, İPV 10, İPV 27, İPV 53, İPV 54, İPV 55, İPV 62, İPV 67.
Yüksək onkogen riskli papilloma viruslarının tipləri arasında aşağıdakı 3-ü daha təhlükəlidir, çünki 94% hallarda uşaqlıq boynu xərçənginə səbəb olur: bu, İPV 16, İPV 18 və az dərəcədə İPV 45. İPV tiplərinin bu üçü arasında 16-cı tip daha təhlükəlidir, çünki daha böyük kanserogen risk kəsb edir (yəni daha tez-tez orqanizmdə şiş hüceyrələrinin yaranmasına səbəb olur).
Qadınlar üçün İPV nə dərəcədə təhlükəlidir?
Bir qayda olaraq, qadın insan papilloması virusuna yoluxduğunu hiss etmir və hiss edilmədən də bu virus immun sistemi sayəsində orqanizmdən yox olur. 90% hallarda yoluxmadan sonra virus bir neçə ay və ya il ərzində heç bir iz qoymadan orqanizmdən özü yox olub gedir.
Statistikaya görə, İPV-na yoluxmuş qadınların yalnız 5%-də üç ildən sonra uşaqlıq boynunda ciddi dəyişikliklər (2-ci və ya 3-cü dərəcəli displaziya) aşkar edilir.
3-cü dərəcəli displaziya olan qadınların yalnız 20%-də yaxın 5 il ərzində uşaqlıq boynunun xərçəngi inkişaf edə bilər. Bu statistikaya əsaslanaraq, belə bir nəticə gəlmək olar ki, insan papilloması virusuna yoluxmuş qadınların yarısından azı uşaqlıq boynunun xərçəngi problemi ilə üzləşəcəkdir.
İPV qadınlarda hansı simptomlar yaradır?
İPV infeksiyasında inkubasiya dövrünün (yoluxmadan sonra ilk simptomlarına yaranmasına qədər olan müddət) uzun olması İPV-nun tipindən və bəzi digər amillərdən asılı olur. Belə ki, İPV 6 və 11 virusuna yoluxmadan ilk aralıq ziyillərin yaranmasına qədər orta hesabla 3 həftədən 8 həftəyə qədər vaxt keçir. İPV 16 və ya 18 virusuna yoluxmadan uşaqlıq boynunun xərçənginin inkişafına qədər 10-20 və daha çox vaxt keçə bilir. Əksər hallarda İPV infeksiyası simptomsuz cərəyan edir. Buna baxmayaraq, insan papilloması virusu aşağıdakı əlamətlərlə özünü büruzə verə bilir:
Aralıq ziyillərin yaranması (iti uclu kondilomalar)
Uşaqlıq yolundan seksdən sonra və ya gözə çarpan səbəb olmadan qanlı ifrazatların olması.
Ginekoloji baxış zamanı həkiminiz uşaqlıq boynunun eroziyası, displaziya və ya uşaqlıq boynunun xərçənginin əlamətlərini aşkar edə bilər. Erkən mərhələlərdə ginekoloq uşaqlıq boynunda heç bir dəyişiklik hiss etməyə də bilər. Buna görə də bütün qadınlar mütəmadi olaraq sitologiyaya görə yaxma verməlidirlər.
Qadınlarda İPV-nun diaqnostikası
İPV-na görə analiz uşaqlıq boynunun xərçənginə görə skrininqin elementlərindən biridir. 30 yaşına çatmış hər bir qadına İPV-na görə analiz vermək və bunu hər 3-5 il təkrarlamaq tövsiyə olunur. Orqanizmdə İPV-nin aşkar edilməsinin əsas metodu insan papilloması virusuna görə PZR -analizdir. Bu, keyfiyyətli analizdir. O, yalnız orqanizmdə İPV-nin olub-olmadığını təyin etməyə imkan verir, lakin virus hissəçiklərinin miqdarını (virus yüklənməsini) təyin etmir. PZR-n köməyi ilə papilloma virusunun tipini müəyyən etmək (İPV-nin gen tipləşdirilməsinin aparılması) və İPV-nin daha təhlükəli olan tiplərini aşkar etmək mümkündür.
Sizdə İPV-u akşar edilmişdirsə, siz nə etməlisiniz?
İPV-nun heç də bütün tipləri təhlükəli xəstəliklərə səbəb olmur. Buna görə də ilk növbədə həkiminizdən Sizin halda təhlükənin nə dərəcədə yüksək olduğunu dəqiqləşdirin.
İPV-nun profilaktikası
İnsan papilloması virusuna yoluxmanın əsas yolu müdafiə olunmamış seksdir. Prezervativlərdən istifadə etməklə İPV-na yoluxma riskini azaltmaq olar. Bununla belə prezervativlər də 100%-lik zəmanət vermir.
Qadının həyatında cinsi partnyorlar nə qədər çox olsa, İPV-na yoluxma riski də bir o qədər yüksək olar. Daimi monoham münasibətlər İPV-infeksiyalarının riskini əhəmiyyətli dərəcədə azaldır.
Hal hazırda bir çox ölkələrdə qız uşaqlarına və qadınlara kütləvi şəkildə papillomavirusa qarşı peyvəndlər vurulur. Bu peyvəndlərin cinsi həyatın başlanmasına qədər vurulması xüsusilə effektlidir və uşaqlıq boynu xərçənginin riskini əhəmiyətli dərəcədə azaldır.
İPV-nun müalicəsi
Hal-hazırda İPV-nu birdəfəlik müalicə etmək mümkün deyil. Bu virus 100%-lik müalicə olunmur. Hələ ki, insan orqanizmindən papilloma virusunun xaric edilməsinə zəmanət verən metodlar yoxdur. Əvəzində isə İPV-nun zahiri təzahürlərinin aradan qaldırılmasına və xərçəng də daxil olmaqla, istənilən ağırlaşmaların inkişafının minimuma endirilməsinə yönələn müalicə mütodları mövcuddur. Buna görə də demək olar ki, insan papilloması virusu insana adi həyat tərzi keçirmək və diskomfort hiss etməmək üçün lazım olan dərəcədə müalicə olunur. Qadınlarda İPV -nun müalicəsi kompleks şəkildə, İPV-nun zahiri təzahürlərinin sistemli və yerli virusəleyhinə müalicə ilə birlikdə, o cümlədən immunmodulyatorlardan istifadə etməklə lokal şəkildə götürülməsini nəzərdə tutan kombinə edilmiş terapiya metodlarından istifadə etməklə aparılmalıdır. Həmçinin radio-dalğa koaqulyasiya, lazer trerapiyası, kriodestruksiya, elektrokoaqulyasiya, iti uclu kondilomların cərrahi yolla götürülməsi və iti uclu kondilomların müxtəlif kimyəvi maddələrlə götürülməsi metodlarından da istifadə olunur.
Mənbə: ginekoloq.az
Orqanik.az