Hər bir infeksion xəstəlik üçün nəzərdə tutulan vaksin yalnız həmin xəstəliyə qarşı effektivdir.
Bunu Trend-ə açıqlamasında həkim-infeksionist Könül İsmayılova deyib.
O qeyd edib ki, COVID-19 əleyhinə istifadə olunan vaksinlər yalnız SARS-Cov-2 virusunun törətdiyi xəstəliyin profilaktikası üçün ola bilər, o bizi digər mövsümi respirator xəstəliklərdən, o cümlədən qrip və s. viruslardan qorumayacaq.
“Vaksinlər ümumiyyətlə insanları infeksion xəstəliklərdən qorumaq üçün tarixboyu istifadə olunub. Hazırda da bir sıra təhlükəli xəstəliklərə yoluxmamaq və yoluxma baş verdikdə ağır fəsadların olmaması üçün bəzi vaksinlər (məsələn hepatit B, qızılca, su çiçəyi, epidemik parotit və s) müvəffəqiyyətlə tətbiq olunur. COVID-19 pandemiyası dövründə də 20-yə yaxın vaksin növü dünyada istifadə edilməkdədir.
Vaksin hazırlandıqda o yalnız hər bir törədiciyə (xəstəliyin törədici amilinə) qarşı spesifik olaraq hazırlanır.
COVID 19-a qarşı müxtəlif tipli vaksinlər mövcuddur. Bu vaksinlərin hazırlanması müxtəlif platformalarda, fərqli texnologiyalardan istifadə edilərək başa gəlib, lakin eyni məqsəd daşıyır. Bizim ölkəmizə müxtəlif vaxtlarda Vaxzevria, Sputnik-V, Pfizer-Biontech, Coronavac vaksinləri gətirilib.
Hər bir şəxs ölkə daxilində əlçatan olan istənilən vaksindən öz seçimi əsasında istifadə edə bilər”, – deyə o bildirib.
Orqanik.az